...

Tallinndə Zəfər Gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Gündəm Materials 7 Noyabr 2022 19:44 (UTC +04:00)
Tallinndə Zəfər Gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Estoniyanın paytaxtı Tallinndə 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend-ə bildirilib ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları, Estoniyanın rəsmi şəxsləri, yerli ictimaiyyətin, Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan və qonaqları salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, müstəqil dövlətimiz və xalqımız Azərbaycan torpaqlarının 30 illik əsarəti ilə heç bir zaman barışmadı. Məhz bu əzmin nəticəsində iki il öncə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızı işğaldan qurtarmaqla noyabr ayını xalqımız və xaricdə yaşayan soydaşlarımız üçün Azadlıq ayına çevirdi. Sentyabrın 27-dən başlayaraq noyabrın 8-dək Azərbaycanda şəhidlərimizin böyük ehtiramla yad edildiyini, Azərbaycan dövlətinin qazilərimizin şücaətini yüksək səviyyədə qiymətləndirdiyini nəzərə çatdırıb.

Hazırda azadlığına qovuşmuş Qarabağ iqtisadi rayonunda irimiqyaslı yenidənqurma və abadlıq işlərinin aparıldığına, “Böyük Qayıdış” proqramına start verildiyinə diqqəti cəlb edib.

44 günlük Vətən müharibəsi və post-müharibə dövründə Azərbaycan həqiqətlərini Estoniya ictimaiyyətinə çatdıran Azərbaycan diasporuna və gənc soydaşlarımıza təşəkkürünü bildirən Komitə sədri Estoniya dövlətinin hər zaman ölkəmizə dəstək olduğunu məmnunlqla vurğulayıb.

Sonra Estoniya-Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Niyazi Hacıyev çıxış edib.

Tədbirin bədii hissəsində çıxış edən Estoniya Balet Teatrının solisti Olqa Zaytseva və skripka ifaçısı Mari Liis Uibonun ifasında Azərbaycan və eston bəstəkarlarının əsərləri təqdim olunub.

Tədbir çərçivəsində eston və Azərbaycan musiqiçilərinin ifasında musiqili diskin təqdimatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti