Bakı. Trend:
Azərbaycanda COVID-19 səbəbindən ölüm sayı digər ölkələrlə müqayisədə azdır.
Trend-in məlumatına görə, bunu Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya 10-cu Qlobal Bakı Forumunun “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən panel iclası zamanı çıxışında deyib.
O qeyd edib ki, digər ölkələrdə Azərbaycanla müqayisədə bu xəstəlikdən ölüm sayı 5 dəfə artıqdır.
“İnsanların sağlamlığı gələcəyə investisiyadır. Avropa siyasi icması da buna bağlılığını göstərməlidir”, - deyə o bildirib.
Sabiq nazir həmçinin qeyd edib ki, neft və qazla zəngin ölkə - Azərbaycan həm də bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi vəzifəsini qarşısına qoyub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.