...

Şəhidlərimizin qanın tökülməsində İran rejiminin də payı olduğu artıq sirr deyil - Mehman İsmayılov

Gündəm Materials 8 Aprel 2023 14:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şəhidlərimizin qanın tökülməsində İran molla rejiminin də payı olduğu artıq sirr deyil. Quranın "kim bir mömini qəsdən öldürərsə, cəzası əbədi cəhənnəmdir" ayəsinin ziddinə İran hakimiyyəti kəşfiyyat məlumatlarını düşmənə ötürərək igid oğullarımızın şəhid olmasında iştirak edib.

Bunu Trend-ə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov deyib.

M.İsmayılov qeyd edib ki, Ramazan ayı özündə bir çox fəzilətləri ehtiva etməklə yanaşı, həm də müsəlmanların həmrəylik nümayiş etdirdiyi bir aydır:

"Belə bir ayda bir müsəlman ölkəsinin başqa bir müsəlman ölkəsində terror fəaliyyəti həyata keçirməsi ilk növbədə islam dininin əsas prinsiplərini yox saymaqdır. Hər məsələdə islamın prinsiplərini vurğulayan, islam vəhdətindən bəhs edən İran molla rejimi müsəlman Azərbaycanın xalq və ərazi vəhdətini heç cür qəbul etmək istəmir. Torpaqlarımızın vəhdətinə nail olduqdan sonra ölkəmizə qarşı silsilə tədbirlər həyata keçirir. Bu xəyanətkar silsilə tədbirlər çox təəssüf ki, hamı tərəfindən görülmürdü və ölkəmizdə İranın Azərbaycana qarşı müsbət münasibət bəslədiyinə hələ də inananlar mövcud idi. Lakin Tehrandakı səfirliyimizdə zabitimizin şəhid edilməsi, sonra isə millət vəkili Fazil Mustafaya qarşı təşkil olunan sui-qəsd İran rejiminin simasını tam ortaya çıxartdı. Azərbaycanda artıq hər kəs bu rejimin ölkəmizə bəslədiyi münasibəti tam aydın şəkildə anladı. Sadəcə bu rejimin deyil, eyni zamanda onun ölkəmizdəki əlaltıları olan milli xəyanətkarların da maskası yırtıldı.

İslam dininə görə "müsəlmanın malı onun razılığı olmadan başqalarına halal deyildir". İran hakmiyyəti isə işğal altındakı torpaqlarımızdakı her şeyi halal saydı. On illər boyu işğal altında ikən torpaqlarımızın talan olunmasında yaxından iştirak edən molla rejimi Peyğəmbərimizin "müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz.. " və ya "müsəlman müsəlmanın qardaşıdır onu əsla düşmənə təslim etməz..." hədisi-şəriflərini eşitməzliyə vurdu. Hər sözünə bismillahla başlayan İran hakimiyyəti, bu kəlamı ölkəmizə qarşı Ermənistanla birgə gördüyü əməllərdə də, yürütdüyü siyasətdə də çox təəssüf ki, təkrarladı. İndi isə suveren ölkə kimi İsraildə səfirlik açan Azərbaycanı ittiham edir. Bəs bizi islam vəhdətinə "xəyanət"də ittiham edən iranlı millət vəkilləri ermənilər uzun illər bizə qarşı barbar hərəkətlər törətdikdə, "möminlərlərin bir-biri ilə münasibətlərdə bir bədən təşkil etdiyini, bədənin üzvlərindən biri əziyyət çəkdiyi vaxt digər üzvlərin də əzab-əziyyət çəkdiyi"ni bilmirdilər? Niyə bu əziyyətlərlə bağlı bəyanat qəbul etmirdilər?

Şəhidlərimizin qanın tökülməsində İran molla rejiminin də payı olduğu artıq sirr deyil. Quranın "kim bir mömini qəsdən öldürərsə, cəzası əbədi cəhənnəmdir" ayəsinin ziddinə İran hakimiyyəti kəşfiyyat məlumatlarını düşmənə ötürərək igid oğullarımızın şəhid olmasında iştirak etmişdir.

Biz bütün bunlar qarşısında cəmiyyət olaraq daha ayıq-sayıq olmalıyıq. Ölkəmizin ziyalıları, incəsənət xadimləri, elm adamları İranın ölkəmizə olan bu mövqeyi qarşısında susmamalı, hər kəs öz mövqeyini ortaya qoymalı, cəmiyyətimizin həmrəyliyi üçün əlindən gələni əsirgəməməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti