Şamaxı. Trend:
Bugünədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib.
Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.
"38 726 hektar ərazi, o cümlədən Ağdam ərazisinin 17 597 hektarı, Füzulidə 11 605 ha, Tərtərdə 3 010 ha, Xocalıda 1 511 ha və Xocavənddə 5 004 ha ərazi minalardan təmizlənib", - o deyib.
Xatırladaq ki, 10-15 aprel tarixləri arasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Tərtər, Ağdam, Laçın, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda keçirilən əməliyyatlar zamanı 18 piyada əleyhinə, 23 tank əleyhinə mina və 132 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.