Bakı. Trend:
Mayın 17-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb.
Trend xəbər verir ki, analitik təhlil imtahanı 4 sessiya olmaqla, 2 gün keçiriləcək.
İmtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 153, 158, 161, 229 və 238 nömrəli, bununla yanaşı Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəblərinin daxilində yaradılmış imtahan mərkəzlərində təşkil olunmuşdur. Naxçıvan şəhərində isə imtahan 18 may tarixində baş tutacaq.
Namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 saatlarında imtahanda iştirak edə biləcəklər. Bunlardan əlavə, xaricdə yaşayan namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahanlar təşkil edilib.
Xatırladaq ki, əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb.
İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, 3 blok üzrə aparılır. Qeyd edək ki, imtahana ümumilikdə 3 saat vaxt ayrılıb.
Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.
Analitik təhlil imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.