Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtı Bakı şəhərinin ətrafında yerləşən Nardaran qəsəbəsində cümə günü ABŞ və İsrail əleyhinə etiraz aksiyası keçirilib.
"Bugünkü aksiya Beynəlxalq Qüds gününə həsr olunub" - Azərbaycan İslam Partiyasının keçmiş sədri, Nardaran ağsaqqalı Hacı Əlikrəm Əliyev bildirib.
Trend - un hadisə yerində olan müxbiri xəbər verib ki, qəsəbənin mərkəzində yerləşən "İmam Hüseyn" meydanında keçirilən aksiyada 100 - ə yaxın adam iştirak edib. Əvvəlki illərdə keçirilən aksiyalardan fərqli olaraq, bugünki aksiyada qadınlar iştirak etməyib.
Trend - un arayışı: 1979 - cu ildə İran İslam İnqilabı baş verəndən sonra Fələstin xalqı ilə həmrəylik nümayişi olaraq, hər il Ramazan ayının sonuncu cümə günü Qüds günü elan edilib. O vaxtdan bəri hər il müsəlmanlar İsrailə etiraz aksiyaları keçirilir.
Aksiya "ABŞ - a ölüm!", "İsrailə ölüm", "İsrail + ABŞ= işğal, terror" şüarları ilə keçirilib. Aksiya keçirilən meydanda İranın bayrağı, üzərində fars dilində şüarlar yazılmış bayraqlar, İranın keçmiş dini lideri və hazırki dini liderinin portretləri qaldırılıb.
Aksiyanın keçirildiyi meydanda ABŞ, İsrail, Böyük Britaniya, Fransa və digər ölkələrin bayraqları ayaq altına atılıb və yandırılıb. Həmçinin, "bir nömrəli terrorist - Corc Buş" sözləri yazılmış müqəvva hazırlanıb. Aksiyanın sonunda həmin müqəvva yandırılıb.
Əlikrəm Əliyev qeyd edib ki, dünya müsəlmanları birliyə nail olublar, bu isə, ABŞ və İsraili qorxudur.
"Biz, İraq, Əfqanıstan, Fələstin və Dağlığ Qarabağı düşmənlərin işğalından azad edəcəyik" - Əliyev əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]