Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində köməksiz vəziyyətdə qalmış 5 balıqçının vəziyyəti barədə rəsmi məlumat yayıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxıb və yanacağın bitməsi səbəbindən sahildən təqribən 70 km məsafədə köməksiz vəziyyətdə qalıblar.
Dərhal FHN-nin aviasiya dəstəsinin 1 ədəd helikopteri və Dövlət sularda xilasetmə xidmətinin qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin aviasiya dəstəsi tərəfindən açıq dənizdə köməksiz vəziyyətdə qalmış balıqçıların yeri müəyyənləşdirilib və onlar yanacaqla təmin edilib. Balıqçıların sahilə doğru hərəkəti aviasiya dəstəsi tərəfindən izlənilib. Əməliyyat saat 16:00-da başa çatıb.