Azərbaycan, Bakı, 15 may /Trend/
Zaqatalada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə mayın 14-ü gecə saat 23:30 radələrində Zaqatala-Qax yolunun 8-ci kilometrliyində, Muxax kəndi ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü, Zaqatala rayonu, Aşağı Tala kənd sakini Azər Azad oğlu İsayev idarə etdiyi "VAZ 2106" markalı "62 BC 247" dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını düzgün etmədiyindən idarəetməni itirərək avtomobili eyni istiqamətdə hərəkətdə olan 1993-cü il təvəllüdlü, Qax rayonu, Cüdürlü kənd sakini Mahmud Bayram oğlu Məmmədovun idarə etdiyi içərisi quru ot bağlamaları ilə dolu olan qoşqulu traktora çırpıb.
Baş vermiş qəza nəticəsində sürücü A.İsayev, onun sərnişinləri- Zaqatala rayonu, Aşağı Tala kənd sakinləri 1992-ci il təvəllüdlü Həmzə Oqtay oğlu Həmzəyev, 1994-cü il təvəllüdlü Müseyif Abdulla oğlu Şabanov, Zaqatala rayonu, Donbabinə kənd sakini 1994-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Mollaçıyev və traktorun sürücüsü Mahmud Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Zaqatala RMX-dən verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan R.Mollaçıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Xəstəxanaya daxil olan digər yaralılardan A.İsayevin vəziyyəti ağır, H.Həmzəyev, M.Şabanov və M.Məmmədovun vəziyyəti isə orta-ağırdır.
Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.