...

Bakı-Qazax magistralında sərnişin avtobusu "Kamaz"a çırpılıb, ölənlər və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB 3) (FOTO)

Hadisə Materials 9 Oktyabr 2014 10:44 (UTC +04:00)
Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisinə keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakı-Qazax magistralında sərnişin avtobusu "Kamaz"a çırpılıb, ölənlər və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB 3) (FOTO)

İlk xəbər saat 09:26-da yayılıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakıdan Gürcüstana hərəkət edən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına arxadan çırpılıb.

Zərbənin təsirindən sərnişin avtobusu alışıb. Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

XXX

Yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

XXX

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:

Şəmsiyeva Dilavər Məhəmməd qızı (1968-ci il təvəllüdlü, Gürcüstan, Marneuli rayonu, Sadaxlı kəndi);

Osmanov Vasif Əli oğlu (1985, Gürcüstan, Marneuli rayonu, Mollaoğlu kəndi)

Alıyeva gülşən Dursun qızı (1963, Gürcüstan, Marneuli rayonu, Sadaxlı kəndi)

Süleymanova Həmayıl Cahangir qızı (1968, Gürcüstan, Marneuli rayonu, Kirovka kəndi)

Hacıyeva Nabat Qurban qızı (1955, Azərbaycan, Sumqayıt şəhəri)

Ayvazova Hürü Mustafa qızı (1953, Gürcüstan, Marneuli rayonu, Sadaxlı kəndi)

Mamedov Bəhruz İlham oğlu (1993, Gürcüstan, Marneuli rayonu, Kirovka kəndi).

Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılar əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

XXX

Fövqəladə Hallar Nazirliyi yol qəzası ilə bağlı yeni məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlamışlar. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunmuşdur. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:40-da başa çatmışdır.

XXX

Avtobus sürücüsünün köməkçisi Elmar Adıgözəlov Kəpəz TV-yə bildirib ki, qəzaya səbəb qarşıda gedən yük maşını olub: "Biz Bakıdan Gürcüstana gedirdik. Qarşımızda yük avtomobili var idi. Birdən maşın başladı sağa-sola çıxmağa, sürücümüz də saxlaya bilmədi, getdi vurdu ona. Vuran kimi maşın alışmağa başladı".

Gəncə şəhər TTYX-nin travmatoloqu Rafael İsgəndərovun sözlərinə görə, yol qəzası ilə bağlı xəstəxanaya 20 sərnişin daxil olub: "Bu gün saat 4 radələrində şöbəyə 20 nəfər yol qəzası nəticəsində xəsarət almış xəstə gətirilib. Xəstələrin ikisi Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri ağırdır. 3 nəfər diz nahiyəsinin diz oynağının sınığı ilə şöbədə yatır. Yerdə qalan xəstələrə ambulator yardım göstərilib".

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti