...

Borca görə müəllimi qətlə yetirən şəxsə hökm oxundu

Hadisə 25 Yanvar 2022 10:33 (UTC +04:00)
Borca görə müəllimi qətlə yetirən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Rəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Rəfiyev 15 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2020-ci il avqustun 28-də Gəncə şəhərində baş verib. Şəhər sakini, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin qohumu Rəfiyev Seymur Natiq oğlunun Yusif Dəmirova olan borcunu qaytara bilməməsi və sonuncunun ondan borcunu tələb etməsi səbəbindən aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Rəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən Y.Dəmirov Gəncə Tibb Kollecinin müəllimi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti