...

İcra nümayəndəsi təyin olunmaq üçün 15 min manat verdim - Vilyam Hacıyevin məhkəməsində şahid

Hadisə Materials 28 Mart 2022 14:25 (UTC +04:00)
İcra nümayəndəsi təyin olunmaq üçün 15 min manat verdim - Vilyam Hacıyevin məhkəməsində şahid
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə icra nümayəndəsi işləyən Əli Qurbanov ifadəsində təyinat üçün 4 min manat verdiyini deyib.

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev isə təyinat üçün heç bir rüşvət vermədiyini, Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçib işə başladığını bildirib. Şahidin hazırkı ifadəsi ilə istintaq zamanı dedikləri arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub.

Ə.Quliyev ibtidai istintaqa ifadəsində Vilyam Hacıyevin kadrı olmadığı üçün sıxışdırıldığını, yalnız baş mühasib Cəmil Musayevə rüşvət verdikdən sonra vəziyyətin düzəldiyini deyib.

Prosesin davamında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli rayonu üzrə baş məsləhətçisi Aslan Abduləzimov bildirib ki, bacısı oğluna məcburi köçkünlər üçün tikilmiş binadan iki otaqlı ev almaq üçün baş mühasib Cəmil Musayevə 10 min manat verib.

İmişli Şəhər üzrə sabiq icra nümayəndəsi Cavid Sarıyev isə təyinat alarkən İcra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 15 min manat verdiyini bildirib.

"İcra nümayəndəsi təyin olunmaq üçün müraciət etdim. Cəmil Musayev bildirdi ki, bunun üçün 15 min manat verməliyəm. Mən də həmin pulu verəndən sonra vəzifəyə təyin olundum", - deyə şahid bildirib.

Prosesdə son olaraq beton qarışdırma sexində işləyən Samir Mirzəyev dindirilib.

Şahidin sözlərinə görə, rayonda tikilən binanın beton işlərinin onlara verilməsi üçün 3 min manat pul verib:

"Mənə dedilər ki, bu işi götürmək üçün hörmət etməlisən. Həmin pulu şəhərdə abadlıq işləri adı ilə icra hakimiyyətinə verdim."

Vilyam Hacıyevin vəkili Elmar Kərimov şahidin ifadəsinə etiraz edərək rüşvət verdiyini boynuna aldığı səbəbilə məsuliyyətə cəlb olunmalı olduğunu bildirib. Vilyam Hacıyev məhkəmədə bəzi şahidlərin ifadəsinə etiraz edib.

Proses aprelin 1-i davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti