Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda azyaşlıya qarşı quldurluq etməkdə təqsirləndirilən Pərvin Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı Pərvin Bünyatovun 9 il azadlıqdan mərhum edilməsini istəyib.
Prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxsin vəkili prokurorun müvəkkilinə ağır cəza istədiyini deyib. Vəkil məhkəmədən xahiş edib ki, müdafiə etdiyi şəxsə azadlığın məhdudlaşdırılması cəzası verilsin.
Növbəti proses oktyabrın 25-də davam edəcək.
İttihama görə, bu il mayın 17-də Bünyatov Pərvin Türbət oğlu paytaxtın Q.Nəbi küçəsi ev 2 ünvanının qarşısında azyaşlının arxasınca bloka daxil olaraq ondan danışmaq bəhanəsi ilə telefonu alıb hadisə yerindən qaçıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham elan olunub.