...

TREND-in erməni vandalizminə dair çəkdiyi film Ukrayna ictimaiyyətinə təqdim olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 13:03 (UTC +04:00)
Ukraynanın Donetsk şəhərində TREND Beynəlxalq İnformasiya Agentliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu layihəsi çərçivəsində erməni vandalizminə dair çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçirilib.
TREND-in erməni vandalizminə dair çəkdiyi film Ukrayna ictimaiyyətinə təqdim olunub (FOTO)

Ukrayna, Donetsk, 23 fevral / Trend , müxbir A.Bağırov/

Ukraynanın Donetsk şəhərində TREND Beynəlxalq İnformasiya Agentliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu layihəsi çərçivəsində erməni vandalizminə dair çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin və Donetsk Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə təşkil olunan təqdimat mərasimində Azərbaycan və Ukraynanın ictimai-siyasi xadimləri, ziyalılar, diaspor fəalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimini Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov açaraq bəşər tarixinin ən qanlı səlnaməsi kimi tarixə düşən Xocalı soyqırımından 18 il ötməsinə baxmayaraq, beynəlxalq təşkilatların və dünya birliyinin hələ də bu faciəyə hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib. "Xocalı faciəsi təkcə əlli milyonluq azərbaycanlının deyil, bütün dünyanın faciəsidir. "Mən hesab edirəm ki, dünya birliyi ermənilərin belə bir dəhşətli soyqırım siyasətinə göz yummaqla tarix qarşısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb", - deyən Hüseynov TREND Beynəlxalq İnformasiya Agentliyinin çəkdiyi "Sözün bitdiyi zaman" adlı sənədli filminin üç dildə Qarabağ həqiqətlərinin və erməni vandalizminin dünya ictimaiyyətinə təqdim edilməsində mühüm rol oynayacağını bildirib.

Sonra mərasimə qatılanlar "Sözün bitdiyi zaman" filminə baxmaqla ermənilərin 1992-ci ildə Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırım siyasətini özündə əks etdirən vəhşiliklərin bir daha şahid olublar.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Teleradio Verilişləri QSC-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlu son illər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən silsilə tədbirlərin, o cümlədən dövlət səviyyəsində Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə catrdırılması istiqamətində təqdim olunan layihələrin maliyyəlşdirilməsinin artıq müsbət effekt verdiyi vurğulayib. "On il öncə Dağlıq Qarabağ haqqında demək olar ki, heç bir məlumata malik olmayan dünya birliyi Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasəti nəticəsində bu gün ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hayata keçirdikləri işğalçılıq və soyqırım siyasətini tanımaq məcburiyyətində qalıb. İnanıram ki, bu kimi tarixi-faciəvi filmlərə baxan hər bir insan beynəlxalq aləmdə yazıq və məzlum libasına bürünən erməni maskasının altında nələrin gizləndiyini asanlıqla görə bilirlər", - Qədiroğlu nitqində qeyd edib.

Mərasimdə filmin Ukrayna ictimaiyyətinə təqdim olunmasına verdikləri dəstəyə görə Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin rəhbərliyinə və Azərbaycan Teleradio Verilişləri QSC-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə təmsilçiliyinə minnətdarlığını bildirən filmin ideya və ssenari müəllifi, TREND NEWS İnformasiya Agentliyinin direktor müavini Emil Hüseynli Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasını dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcu olduğunu deyib.

"XXI əsr informasiya əsridir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin "biz ermənilərlə informasiya müharibəsində müdafiədən hücuma keçməliyik" çağırışına öz əməli işlərimizlə cavab verməliyik. TREND də bu sahəyə xüsusi diqqət yetirir. Əminəm ki, TREND Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində qarşısına qoyduğu vəzifələri bundan sonra da davam etdirəcək", - Hüseynli çıxışında deyib.

Hüseynli bildirib ki, əsası iki əsr öncə qoyulmuş erməni əks-təbliğatının ifşa olunmasında Ukraynadakı Azərbaycan diasporu da əsl vətəndaşlıq mövqeyi nümayiş etdirir.

"Bu baxımdan fevralın əvvəlində Ukrayna və Azərbaycan Dövlət televiziyalarının birgə layihəsi olan "Qarabağ tarixin burulğanında" filminin 48 milyonluq Ukrayna xalqına təqdim olunmasını xarici təbliğat strategiyamızın uğuru adlandırmaq olar. Təbii ki, Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində tarixi faktlarla zəngin olan belə bir filmin Ukraynanın dövlət televiziyasında efirə verilməsi xəbis erməni saxtakırlığının ortaya çıxmasında müstəsna əhəmiyyətə malikdir", - Hüseynli çıxışında əlavə edib.  

Tədbirdə daha sonra Donetsk Azərbaycanlıları Konqresinin prezidenti İqbal Mahmudov, İdarə Heyətinin sədri Müşfiq Vəliyev, Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk Vilayət təşkilatının sədri Malik Pirverdiyev erməni diasporuna qarşı effektli mübarizə aparmaq üçün Azərbaycan diasporunun daha güclü fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar.

Donetsk Vilayətinin Snejnoy şəhərinin Veteranlar Cəmiyyətinin sədri Valeriy Sokolov bildirib ki, ermənilərin Xocalıda törətdiyi soyqırımı bütün dünya ictimaiyyəti bilməlidir.

"Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş bəşəri cinayət kimi qiymətləndirilməlidir. İnanıram ki, beynəlxalq təşkilatlar bu soyqırıma hüquqi-siyasi qiymətini verməlidir", - Sokolov əlavə edib.

Xəbər lenti

Xəbər lenti