Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Hacıyev/
Birləşmiş Ərəb Əmirliklərinin rəsmi orqanları Xocalı faciəsi ilə bağlı məlumatlandırılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, BƏƏ-nin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində Vəqflər, milli, xeyriyyəçilik və islam məsələləri üzrə nazir Hamad Bin Əl-Şeyx Əhmid Əl-Şaibani ilə görüşüb. Nazirliyin digər rəhbər vəzifəli əməkdaşlarının da iştirak etdiyi görüşdə Qarabağ münaqişəsi, onun Azərbaycan xalqının və dövlətinin tarixində açdığı ağrılı, dəhşətli, faciəli izlər, ayrıca olaraq Xocalı soyqırımı haqqında BƏƏ rəsmilərinə məlumat verilib. Görüşdə Xocalı soyqırımının əsrin ən böyük cinayətlərindən biri olduğu vurğulanıb, bu faciənin bütün dünyada tanınması, qəbul edilməsinin vacibliyi qeyd olunub.
İmanov AUGAF rəhbərinə Azərbaycanın xəritəsi üzərində erməni işğalçılarının Dağlıq Qarabağ və ətraf ərazilərdəki rayonları zəbt etməsi barədə tarixi ardıcıllıqla məlumat verib. Cəmiyyət sədri ermənilərin tarixi Azərbaycan ərazilərinə sonradan və hansı şəraitdə köçürülməsi haqqında da danışıb. "Armenian terror", Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri", Azərbaycan haqqında məlumatlardan ibarət kitab, həmçinin küveytli müəllif Adil al-Fallahın "Heydər Əliyev və milli-mənəvi dəyərlər" kitabı nazirliyin kitabxanasına hədiyyə edilib.
Görüşdə həmçinin BƏƏ rəsmilərinə Azərbaycanın bugünkü sürətli iqtisadi inkişafı, dünya enerji təhlükəsizliyi sistemindəki yeri və rolu, iştirak etdiyi beynəlxalq enerji layihələri, habelə beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, diasporumuzun dünyada getdikcə inkişaf edərək güc və söz sahibinə çevrilməsi və s. barədə də geniş məlumat verilib.
Dubayda nəşr olunan "AL-BAYAN", "AL-KHALEEJ", "AL-ETTIHAD" və digər qəzetlərdə görüş barədə ətraflı yazılar dərc olunub. Xatırladaq ki, Azərbaycan Cəmiyyəti sədri Samir İmanovun ötən ay AUGAF rəhbərliyi ilə keçirdiyi görüşdən və verdiyi ətraflı məlumatdan sonra Dubaydakı bütün məscidlərdə 20 yanvar faciəsi şəhidlərinə dua oxunması qərara alınmışdı.
Azərbaycan Cəmiyyətinin sədri Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində təbliğat və məlumatlandırıcı xarakter daşıyan daha bir görüşü Ticarət və Sənaye Palatasında keçirib. Dubay TSP-nin baş müşaviri doktor Nizar Sardast və hüquq idarəsinin rəisi doktor Hussam Talhini ilə görüşdə Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə ətraflı məlumat verilib. İmanov Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, xalqımıza məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc soydaşlarımıza qarşı törədilən soyqırımı aktları, eyni zamanda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə TSP rəsmilərini ətraflı məlumatlandırıb.
İmanov TSP nümayəndələrinə Azərbaycanın xəritəsini təqdim edərək Qarabağın tarixi haqqında geniş məlumat verib. O, həmçinin bildirib ki, bu gün Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət ağırdır. Bunun əsas səbəbi isə Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi və bu səbəbdən bölgədəki bütün beynəlxalq əhəmiyyətli və regional layihələrdən kənarda qalmasıdır.
Sardast və Talhini Azərbaycan, Qarabağ haqqında daha öncə bu qədər məlumatlı olmadıqlarını bildiriblər və ətraflı məlumata görə diaspor təşkilatının rəhbərinə təşəkkür ediblər.
Dubay Ticarət Sənaye Palatasının kitabxanasına da "Armenian terror", Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" kitabları və Azərbaycanla bağlı rəmzi suvenir hədiyyə edilib. Xocalı soyqırımı ilə bağlı ətraflı materiallar habelə Parlament sədrinə, Dubayın Şeyx Aparatı rəhbərinə və İnsan Haqları İnstitutuna da göndərilib.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.