Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/
Rusiya Prezidentinin təşəbbüsü ilə iyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü planlaşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
"Biz bu görüşə böyük əhəmiyyət veririk. ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin görüşünə böyük önəm verirlər", - Məmmədov deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.