Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.Mehdiyev/
Almaniyalı ictimai xadimin Xocalı faciəsinə həsr olunmuş kitabının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərindən gəlmiş ictimai xadim, Maqdeburq şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşun Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar alman dilində nəşr edilmiş kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdən əvvəl Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Almaniyadan gəlmiş qonaqların qatıldığı tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş fotostend və kitab sərgisi ilə tanış olublar.
Tədbirin əvvəlində faciə zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırıma həsr olunmuş film nümayiş etdirilib.
Kunş kitabı yazarkən sadəcə öz mülahizələrinə əsaslanmadığını deyib. "Mən sənədlərə istinad etmişəm. Kitab demək olar ki, Almaniyada bütün orta və ali məktəblərdə yayılacaq və bütün alman xalqı Azərbaycan xalqının başına gəlmiş bu faciə ilə bağlı məlumatlandırılacaq", - Kunş qeyd edib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Xocalı soyqırımı, ermənilərin zaman-zaman Azərbaycan türklərinə qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən işlərin vacibliyindən danışıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Milli Məclisdə faciəyə siyasi qiymət verilib.