...

Almaniyada "Dağlıq Qarabağ münaqişəsi: təmas xəttində qorxulu həyat" məqaləsi dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2012 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Almaniyanın "Welt online" elektron KİV-ində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş "Dağlıq Qarabağ münaqişəsi: təmas xəttində qorxulu həyat" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalə cəbhə bölgəsində yerləşən Ağdamın Çıraqlı kəndində hazırlanıb və orada yaşayan dinc əhalinin gündəlik həyatından bəhs edir. Məqalədə qeyd olunur ki, kəndin dinc sakinləri çox təhlükəli şəraitdə və daim erməni snayperlərindən qorunmaq məcburiyyətində yaşayırlar. Kənd sakini Xorsov Şükürov həyətdə oynayarkən qızının və toy mərasimində bir iştirakçının erməni tərəfinin açdığı atəş nəticəsində yaralanması hallarını misal gətirir.

Daha sonra məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa ekskursiya edilir və bu münaqişə nəticəsində Ağdam rayonunun 77 faizinin Ermənistan tərəfindən işğal olunması, rayonun 6000 şəhid verməsi, 141 000 azərbaycanlının rayondakı evlərindən qovulması faktları bildirilir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri yerinə yetirilmədiyi üçün Ağdamın qovulmuş sakinlərinin tezliklə evlərinə qayıtmaq ümidlərini itirdikləri qeyd olunur. Məqalədə vurğulanır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrdə yekdilliklə Azərbaycanı müdafiə edib və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edib. Bu qətnamələrdən birində, 29 iyul 1993-cü ildə Ağdamın adı ayrıca qeyd olunur. Beynəlxalq hüquqda məsələ tam aydındır: Dağlıq Qarabağ beynəlxalq aləm tərəfindən tanınmır və Azərbaycana məxsusdur.

Daha sonra müharibənin Ağdam rayonu və rayon mərkəzi üçün fəsadları, sakinlərin hazırkı vəziyyəti haqqında məlumat verilir və qeyd olunur ki, müharibədən əvvəl 50 000 sakini olan Ağdam şəhəri hazırda boş və viran qalmış ərazidir. Rayonun Azərbaycan tərəfinin nəzarətində qalan hissəsində sakinlər erməni snayperlərinin hədəfində təhlükəli şəraitdə təsərrüfat fəaliyyəti ilə məşğul olmağa məcburdurlar. Bundan əlavə, torpaqların minalanması da onlar üçün problem yaradır. Ağdam sakinləri təmas xəttini "ölüm zonası" adlandırırlar.

Məqalənin sonunda qeyd olunur ki, ATƏT-in 20 ildən bəri vasitəçiliyinə baxmayaraq, danışıqlar prosesində irəliləyiş yoxdur. Siyasətçilər və diplomatlar Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" adlandırsalar da, yerində bu münaqişə közərməkdə olan yanğına və barıt çəlləyinə bənzəyir.

Xəbər lenti

Xəbər lenti