...

Oqtay Əsədov: Ümidvarıq ki, Rusiya Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında səylərini artıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2012 15:48 (UTC +04:00)
Ümidvarıq ki, ATƏT-in Minsk qrupunun həmsədri və regionun aparıcı dövləti kimi, Rusiya Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında səylərini artıracaq.
Oqtay Əsədov: Ümidvarıq ki, Rusiya Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında səylərini artıracaq

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Ümidvarıq ki, ATƏT-in Minsk qrupunun həmsədri və regionun aparıcı dövləti kimi, Rusiya Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında səylərini artıracaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bazar ertəsi Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşündə deyib.

"İnanırıq ki, yaxın zamanlarda münaqişə beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaq", - Əsədov əlavə edib.

Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən Əsədov, onun ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirib və bunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayıb.

Görüşdə qeyd olunub ki, bu vaxtadək ölkələrimiz arasında 160-dan çox sənəd imzalanıb. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Bunun təzahürüdür ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi ötən il 2,8 milyard ABŞ dollarından çox olub. Bu gün Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda Rusiya Kitab Evi yaradılıb. Azərbaycanda rus dilinin inkişafına qayğı göstərilir, 500-ə yaxın rusdilli məktəb fəaliyyət göstərir.

Narışkin dövlətlərimiz arasında əlaqələrin hərtərəfli inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd edib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Qeyd olunub ki, deputatlarımız bu gün beynəlxalq tədbirlərdə çox uğurlu əməkdaşlıq edirlər. Bunun nəticəsidir ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Xəbər lenti

Xəbər lenti