Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/
Türkiyənin "TRT1" kanalında yayımlanan məşhur "Sakarya Fırat" serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı nümunə göstərilib.
Trend xəbər verir ki, filmdə əsgərlərdən biri əsgər yoldaşlarına Mübariz İbrahimov haqqında danışır.
"Mübariz İbrahimov Azərbaycanın milli qəhrəmanlarından biridir. 2010-cu ildə şəhid olub. Qarabağda xidmət edən gizir idi.
Bir gün səhər komandirləri Mübarizin atasına zəng edib oğlunun hərbi hissənin tərk etdiyini bildiriblər. Atası isə deyib ki, oğlum hərbi hissədə deyilsə, düşmənin olduğu tərəfə baxın, mütləq ora gedib. Elə də oldu. Mübariz həmin gecə təkbaşına ermənilərin hərbi hissəsinə hücum etdi. Silah anbarını ələ keçirdi və oradakı silahlarla sabaha qədər döyüşdü. Sonra isə süngü ilə yenə təkbaşına hücumunu davam etdirdi. Şəhid oldu. Amma şəhid olana qədər düz 45 düşmən əsgərini öldürdü.
Hətta cəsədinə də işgəncə verdilər. Azərbaycanlılar şəhidin nəşini ancaq iki aydan sonra ala bildilər. Hələ də əlləri bağlıydı. Adamın cəsədindən belə qorxmuşdular.
Mübariz İbrahimov həmin Mübariz İbrahimovdur", türk əsgəri qeyd edir.
Digər epizodda isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli türk şəhidlərinin şəkillərinin yer aldığı Şərəf Lövhəsinə vurulur.
Fildəki daha bir epizodda isə ağsaqqal müəllim əsgərə məsləhət verərək deyir: "Saray Bosnanı, Kipri, Kasqarı, Qarabağı unutmayın! Qarabağın şəhid övladı Mubarizi unutmayin!"
Qeyd edək ki, təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək gözlənilmədən ermənilərə həmlə edib. O, birinci həmləsində Ermənistan Silahlı Qüvvələrinin onlarla əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşərək onları ağır itkilərə məruz qoyub. Azərbaycanın 22 yaşlı igid döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il iyulun 22-də Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb.