Azərbaycan, Bakı, 10 avqust /Trend/
Dağlıq Qarabağ məsələsi öz həllini tələb edir, bu problem həddən artıq uzandı. Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdə deyib.
Prezident İlham Əliyev Vladimir Putinə müraciət edərək deyib: " Qeyd etdiyiniz kimi, danışıqların formatı artıq mövcuddur, münaqişənin tənzimlənməsi üçün hüquqi baza da vardır. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb".
Dövlət başçısı qeyd edib ki, Minsk qrupu həmsədrlərin şəxsində işləyir, tərəfləri yaxınlaşdırmağa cəhd göstərir, lakin bu, o qədər də yaxşı alınmır: "Buna görə düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, tənzimləmə prosesində əlbəttə, xüsusi rol oynayır. Ümid edirik ki, biz ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli tapacağıq".
.