Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/
Son günlər cəbhə xəttində atəşkəsin intensiv olaraq pozulması bir daha əsas verir ki, beynəlxalq aləm Ermənistana qarşı təzyiqləri artırmalıdır. Trend xəbər verir ki, bunu millət vəkili Fuad Muradov bildirib.
Deputat qeyd edib ki, düşmənin təxribatları rəsmi İrəvanın və ya bir neçə beynəlxalq təşkilatın Azərbaycanı sülhsevər siyasətindən döndərmək cəhdləri zamanı baş verir: ""Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət bir vəziyyət yaranan kimi Ermənistan tərəfi bu cür təxribatlara cəhd edir. Görünən odur ki, əli qana batmış Sarkisyan və onun hökuməti regionda sülh və sabitliyin tərəfdarı deyil. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də bu istiqamətdə hər hansı ciddi addımlar atmaq istəmir."
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ilk növbədə Ermənistana qarşı təzyiq mexanizmdən istifədə etməli olduğunu diqqətə çatdıran Fuad Muradov qeyd edib ki, vəsitəçilərin fəaliyyətsizliyi erməni tərəfinin atəşkəsi pozmasına və dinc insanları qətlə yetirməsinə səbəb olur: "Hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Minsk Qrupundan başqa bir format mövcud deyil. Biz dəfələrlə Avropa Şurasının Alt Komitəsindən Dağlıq Qarabağla bağlı fəaliyyət göstərməsini tələb etsək də ermənilər və bəzi ermənipərəst qüvvələr buna ciddi cəhdlə mane olublar və təəssüflər olsun ki, bu iş baş tutmayıb."
Millət vəkili Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün istənilən addım üçün hazır olduğunu qeyd edib. Bildirib ki, istər sülh, istərsə də digər vasitələrlə işğal altındakı torpaqlarımız azad edilməlidir: "Lakin sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistan tərəfinin təxribatlara əl atmasına sülh prosesinin birbaşa iştirakçısı kimi ATƏT də adekvat münasibət bildirməlidir."