...

"The Jerusalem Post": Dünya Zəhra üçün ədalət tələb etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2017 12:19 (UTC +04:00)
Ermənistan siyasi hakimiyyətinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaqdır və son insident bunu sübut edir.
"The Jerusalem Post": Dünya Zəhra üçün ədalət tələb etməlidir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ermənistan siyasi hakimiyyətinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaqdır və son insident bunu sübut edir.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut “The Jerusalem Post” qəzetində dərc olunan məqaləsində yazıb.

Müəllif qeyd edir ki, bu qanlı insident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha təsdiqlədi: “Dünya ictimaiyyəti günahsız insanların ölümünə göz yummamalıdır... Dünya ZƏHRA üçün ƏDALƏT tələb etməlidir”.

Məqalədə qeyd olunur ki, dinc sakinlərin həlak olması bağışlanmazdır, amma ən dəhşətli xəbər odur ki, ermənilərin son təxribatının qurbanlarından biri balaca qız olub. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamələri var və onlara əməl olunmalıdır.

Müəllif əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Arye Qut yazır ki, Serj Sarkisyanın son açıqlamaları və fəaliyyəti, eləcə də azərbaycanlı qızın və onun nənəsinin qətlə yetirilməsi bir daha sübut edir ki, Ermənistan prezidenti tamamilə məsuliyyətsiz və uzağı görməyən siyasətçdir: "O, diplomatiyadan uzaq çıxışları ilə öz ölkəsinin aqressiv siyasətinə bəraət qazandırmağa çalışır. Amma bununla sübut edir ki, o, diplomatiya və beynəlxalq münasibətlər anlayışlarına yad bir adamdır. Bu isə onun siyasi mədəniyyətinin aşağı səviyyədə olmasını təsdiq edir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti