...

Argentinanın analitik portalı Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi cinayətdən yazıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2017 10:06 (UTC +04:00)
Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalında “Qafqazda faciə: insan hüquqları haradadır?” (“Tragedia en el Cáucaso, ¿dónde están los derechos humanos?”) başlıqlı məqalə dərc olunub.
Argentinanın analitik portalı Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi cinayətdən yazıb

Bakı. Trend:

Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalında “Qafqazda faciə: insan hüquqları haradadır?” (“Tragedia en el Cáucaso, ¿dónde están los derechos humanos?”) başlıqlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. 4 iyul tarixində bu başa çatmamış müharibədə mülki əhali arasında qurbanlar olub:

“Anlayırıq ki, belə bir hadisə qınanmalı və onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına və belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin dünya vətəndaşı kimi hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzə belə bir sual veririk: bu və digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? Niyə beynəlxalq birlik Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?”

Həmin məqalədə eyni zamanda cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri H.Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.

Məqalənin sonunda xüsusi vurğulanır ki, baş vermiş hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusuna kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti