...

Azərbaycan piyadalar əleyhinə mina istehsal və ixrac etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2017 15:16 (UTC +04:00)
Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir.
Azərbaycan piyadalar əleyhinə mina istehsal və ixrac etmir

Bakı. Samir Əli - Trend:

Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir.

Trend-in məlumatına görə, bu, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin bu gün “Trend” informasiya agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, 2017-ci ildə Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniyanın yaranmasının 20 ili tamam oldu. Bu təşkilatın ən böyük uğuru sayılan Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) imzalanmasından isə 20 il ötür. Bu ilki Landmine Monitor Report 2017 hesabatı əldə olunmuş nailiyyətlərə həsr olunub.

Bu Konvensiya imzalandıqdan sonra 163 ölkə Minalar Əleyhinə Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 34 dövlət Ottava Konvensiyasına qoşulmayıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İrak, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır. (100 km2-dən çox). Son hesabatda bildirilir ki, 61 ölkənin ərazisində minaların məhv edilməsi əməliyyatları aparılır. Hesabat dövründə 170 km2 ərazi minalardan təmizlənib. 232000 ədəd piyada əleyhinə və 29000 tank əleyhinə mina məhv edilib. Son beş ildə 927 km2 ərazi təmizlənmiş, 1,1 milyon piyada əleyhinə və 69 000 tank əleyhinə mina məhv edilib.

Hesabat dövründə 2,2 milyon ədəd mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 53 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Hesabat dövründə 8605 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir ki, bunun da 2089 nəfərin öldüyü qeyd olunub. Ən çox qurbanlar Əfqanıstan, Liviya, Ukrayna və Yəməndə qeydə alınıb. Qurbanların 52 ölkə və 4 dövlət olmayan ərazidən olduğu bildirilir. Mina qurbanlarının 78% mülki şəxslərdir ki, bunların da 42% uşaqlar, 16% qız və qadınlardır. 1999-cu ildən son hesabatadək 111000 insanın mina qurbanı olduğu qeydə alınıb ki, onların da təxminən 30000 nəfəri həlak olub.

Donor ölkələr və ərazisində minaların olduğu ölkələr tərəfindən (beynəlxalq səviyyədə (479.5 milyon ABŞ dolları və 11 milli hökümət) 564.5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub.

Biz Azərbaycanın da bu problemlə üzləşdiyini nəzərə alaraq öz təhqiqatlarımızı və layihələrimizi həyata keçirməkdə davam edirik. Azərbaycan hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq, Ottava Konvensiyasına qoşulmasa da, bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir.

Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Müqaviləyə qoşulmayıb. Rəsmi olaraq bildirilib ki, bu Müqavilənin məqsədlərini o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən Ottava Konvensiyasına qoşula bilmir. Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq, əlavə minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla konflikt həll olunduqdan sonra Ottava Konvensiyasına qoşula bilər. Buna baxmayaraq, Azərbaycan Müqaviləyə dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq, BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə, o cümlədən də 2016-cı ildəki 74/36 saylı qətnamənin xeyrinə səs verir.

İctimai Birliyinin sədri Hafiz Səfixanov qeyd edib ki, Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir. Mina ehtiyatı sovet dövründən qalmadır, rəsmi şəxslər bildiriblər ki, 1994-cü ilədən konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə etmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu istisna etmək də olmaz.

2016-cı ilin sonuna Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb.

2017-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 2 nəfər həlak olub və 1 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti