...

Mətbuat Şurası Azərbaycan toponimləri ilə bağlı dünya KİV-nə və jurnalist təşkilatlarına müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2020 14:56 (UTC +04:00)
Mətbuat Şurası Azərbaycan toponimləri ilə bağlı dünya KİV-nə və jurnalist təşkilatlarına müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurası dünyanın kütləvi informasiya vasitələrinə və jurnalist təşkilatlarına müraciət ünvanlayıb.

Şuradan Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir: “Dünya ictimaiyyətinin nəzərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərdə olduğu indiki məqamda müxtəlif xarici kütləvi informasiya vasitələri də buna adekvat fəaliyyət göstərməkdədir. Onlar münaqişənin tarixini, hazırkı durumunu əks etdirən çoxsaylı materiallar yayımlamaqdadırlar. Bunu təbii sayırıq.

Lakin qeyd etməliyik ki, bu materialların bir çoxu birtərəfli qaydada təqdim edilir, Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin üçtərəfli bəyanatından irəli gələrək Azərbaycana məxsus ərazilərdən çıxmalı olan ermənilər məzlum obrazında göstərilir. Belə yanaşmanın yanlışlığını sübut etmək üçün BMT-nin qətnamələrinə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər beynəlxalq sənədlərə diqqət yetirmək zəruridir.

Bununla yanaşı nəzərə alınmalıdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın və yeddi Azərbaycan rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Bunu sübut edən minlərlə video-görüntü və digər faktlar var. İstərdik ki, dünya mediası hazırda Azərbaycana məxsus torpaqlardan çıxan ermənilərlə bağlı materiallar təqdim edərkən onların tarixən Azərbaycana və azərbaycanlılara məxsus ərazilərdə 30 ilə yaxındır ki, qeyri-qanuni məskunlaşması faktına da diqqət yetirsin. Hesab edirik ki, bu, məsələyə ədalətli yanaşma baxımından vacibdir. Biz bir çox hallarda bu yanaşmanı görmür və təəssüflənirik.

İkinci qeyd etmək istədiyimiz məqam beynəlxalq mediada Azərbaycan yer adlarının, toponimlərinin erməniləşdirilmiş formada təqdimatı ilə bağlıdır. Bununla əlaqədar çoxsaylı misallar var. Onlardan bəzilərinin üzərində dayanmaq istərdik. Məsələn, bir sıra xarici kütləvi informasiya vasitələrində Şuşa şəhərinin adı ermənilərin onu səsləndirdiyi kimi Şuşi, Kəlbəcər rayonunun adı Karvaçar, Laçın rayonunun adı isə Berdzor olaraq göstərilir. O da nəzərə alınmalıdır ki, qədim Azərbaycan şəhəri olan Xankəndinin adının da bolşevik erməni millətçisi Stepan Şaumyanın adı ilə Stepanakert adlandırılması doğru deyildir. Bir çox hallarda bilərəkdən edilən belə yanlışlıqlar Azərbaycan mediası, ümumilikdə cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanmaqdadır.

Azərbaycan Mətbuat Şurası olaraq Dağlıq Qarabağ həqiqətləri ilə bağlı obyektiv materiallar hazırlayan hər bir xarici kütləvi informasiya vasitəsinə təşəkkürümüzü bildiririk. Hesab edirik ki, onların ədalətli mövqeyi eyni zamanda bölgədə sülh və əminamanlığın, insanların dinc yaşamaq istəklərinin təminatına yönələn müstəsna fəaliyyətdir, bəşəri missiyadır. Bu missiyanın tam şəkildə reallaşması, daha faydalı olması üçün qeyd etdiyimiz məqamların mütləq şəkildə nəzərə alınması lazımdır. İnanırıq ki, bu çağırışımızı səmimi qarşılayacaq, göstərdiyimiz yanlışlıqların aradan qaldırılmasına çalışacaq, bir daha təkrarlanmaması üçün yüksək həssaslıq nümayiş etdirəcəksiniz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti