...

Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2020 13:47 (UTC +04:00)
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev

Bakı. Trend:

Son hadisələr Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulmasını labüd edib. Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul olunması beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır. Təcavüzkar ölkənin törətdiyi terror aktlarına, soyqırımına, dinc əhaliyə qarşı amansızlığına, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına olan laqeyd münasibət Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramını açıq-aydın ortaya qoydu.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il səssiz qalan Fransa Senatının son qərəzli mövqeyi bu ölkənin faşizm ideologiyasından qidalanan Ermənistana dəstəyinin növbəti nümayişidir. Ümumiyyətlə, ikili standartlar, beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmaması hər zaman işğalçı ölkəni daha da azğınlaşdırıb, Ermənistan–Azərbaycan münaqişəsinin 30 il uzanmasına səbəb olub. Nəhayət, sentyabrın 27-dən başlayaraq mənfur qonşular ağır artilleriya qurğularından, ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə ölkəmizə qarşı genişmiqyaslı hücumlara başladı. ATƏT-in Minsk Qrupunun həmsədri - Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməməsi, məsələyə laqeyd münasibəti regionda sülhün, sabitliyin, tərəqqinin bərqərar olmasına maraqlı olmaması illərdi davam edən laqeydliyin səbəbini bir daha ortaya qoydu.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatdan sonra da Fransanın ciddi şəkildə narahat olması da bu ölkə rəhbərlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduqlarını sübut etdi. Münaqişənin həllinə birbaşa cavabdeh olan Fransa ilk günündən qeyri-obyektiv mövqe tutdu, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyərək işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan Ermənistanı dəstəkləyən Fransa hökuməti Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınmasını belə görməməzlikdən gəldi.

Fransa Senatının qəbul etdiyi Qətnamədə Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittihamı, Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi kimi böhtanları heç bir sübutla təsdiq olunmamış iddialardır. Fransa Senatı hətta utanmadan münaqişə bölgəsinə yaxın və oradan kilometrlərlə uzaqda yerləşən kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutan, dinc sakinlərin qətlə yetirilməsini, mülki obyektlərə, enerji və nəqliyyat infrastrukturuna ciddi ziyan vuran, hərbi təxribatlar törədən Ermənistanı qınamaq əvəzinə Azərbaycanı günahlandırır.

Bəli, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. Belə bir Böyük Qələbənin, Zəfərin qarşısında erməni lobbisinin tam nəzarətində olan Fransa Senatının işğalçı ölkəni müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir. İşğalçı Ermənistana havadarlıq, himayədarlıq edənlər birdəfəlik bilməlidirlər ki, Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək. Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti