...

Əli Həsənov: "Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmirsə, onun fəaliyyətinin heç bir əhəmiyyəti yoxdur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2006 14:40 (UTC +04:00)

"Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərindən Ermənistana təzyiqlər göstərilməsini gözləyir. Əgər ABŞ, Fransa, Rusiya kimi dövlətlər bu işğala göz yumursa, onda biz, deməli, ədaləti ATƏT-də, Minsk qrupunda deyil, başqa yerdə axtarmalıyıq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Əli Həsənovun sözlərinə görə, Minsk qrupu Cənubi Qafqazda işğal faktoruna son qoyluması və sülhün, əmin-amanlığın bərpası üçün Ermənistana təzyiqlər göstərməlidir, əgər göstərmirsə, o zaman Minsk qrupunun, onun həmsədrlər institutunun da fəaliyyətinin əhəmiyyəti yoxdur.

Əli Həsənov qeyd edib ki, Azərbaycan və Ermənistanın dövlət başçılarının Rambuyedə keçirdiyi görüş, bundan əvvəl Minsk qrupu həmsədrlərinin iştirakı ilə aparılan danışıqlar bu il sülh danışıqları prosesinin sürətləndiyini göstərir. Ə.Həsənovun fikrincə, bu danışıqlar Dağlıq Qarabağ probleminin həllində müsbət nüaslar yaradır: "Biz istəyirik ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri ortaya qoyulsun, tərəflərə bununla bağlı təzyiqlər göstərilsin və nəhayət, həllinə nail olunsun. Azərbaycan torpaqlarının işğalı faktı və beynəlxalq hüququn tələbləri ortadadır. Azərbaycan problemin həllində öz haqlı mövqeyindən və prinsiplərindən geri çəkilməyəcək. Əgər problemin həlli sülh yolu ilə mümkün olacaqsa torpaqlarımızı geri qaytaracağıq, əgər olmasa Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır".

Prezident Aparatı rəsmisi Azərabycanın müharibəyə başlamasını istəyəmən xarici dövlətlərin narahatçılıqlarının anlaşılan olduğunu deyib. Onun sözlərinə görə, bu gün heç bir xarici ölkə, xüsusilə də Azərbaycanla qlobal layihələrdə iştirak edən böyük dövlətlər Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməsini, Cənubi Qafqazda münaqişələrin yenidən aldovlanmasını istəmir: "Çünki bu, istər-istəməz regional əməkdaşlığa, bölgədə beynəlxalq layihələrin həyata keçirilməsinə öz mənfi təsirini göstərəcək. Buna görə də çalışırlar ki, Azərbaycan torpaqlarını hərbi yolla azad etməyə başlamasın. Biz də sülh yolu ilə nizamlanmaya ümid edirik, müharibənin törətdiyi fəlakətləri, dağıntıları bilirik və müharibə olmasını arzulamırıq. Azərbaycanın özünün imkanlarını, dinamik inkişafdan əldə etdiyi gəlirlərini müharibəyə sərf etmək istəmir. Biz öz imkanlarımızı, neft gəlirlərini Azərbaycanın, o cümlədən Cənubi Qafqazın inkişafına, infrastruktunun genişləndirilməsinə, yollar salınmasına, hava limanları tikilməsinə, dəniz limanlarının yenidən qurulmasına, bölgənin çiçəklənməsinə yönəltmək istəyirik. Biz müharibə deyil, inkişaf haqqında düşünürük, amma eyni zamanda torpaqlarımızı da işğal altında saxlaya bilmərik. Buna görə də lazım gəlsə, nəinki neft gəlirlərini, hətta ailə gəlirlərimizi də torpaqlarımızın azad olunmasına sərf edə bilərik. Çünki bizim də səbrimizin bir həddi var"-deyə Əli Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti