Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Ağayeva/ BMT-nin İnkişaf Proqramı (BMT İP) Azərbaycanda gender məsələləri ilə bağlı irəliləyiş olduğunu qeyd edir. BMT İP-nin həyat davamlılığı və keyfiyyəti, həmçinin cinslərin təhsil səviyyəsi kimi parametrlər üzrə müxtəlif ölkələrdə qadın və kişilər arasında qeyri-bərabərliyi nəzərdə tutan "Gender amili nəzərə alınmaqla insan inkişafı indeksi" (Gender-related development index (GDI)) illik indeks siyahısında Azərbaycan 98-ci yerdə qərarlaşıb.
Hesabata əsasən, məişət zorakılığı, zorlanma təhlükəsi və HİV/AİDS-ə yoluxma ehtimalının yüksəkliyi səbəbindən qadınların daha pis yaşadığı ölkələrin ilk onluğuna Əfqanıstan, Konqo, İraq, Nepal, Sudan, Qvatemala, Mali, Pakistan, Səudiyyə Ərəbistanı, Somali daxil olub.
İslandiya, Norveç, Avstraliya, Kanada, İrlandiya, İsveç, İsveçrə, Yaponiya, Niderland və Fransada qadınlar uzun ömürlülük, yaxşı təhsil səviyyəsi və dəyərli həyat səviyyəsinə bel bağlaya bilərlər.
MDB ölkələrindən bu siyahıda Litva 43, Latviya 44, Estoniya 45, Belarus 64, Rusiya 67, Qazaxıstan 73, Ukrayna 76, Gürcüstan 96, Azərbaycan 98, Türkmənistan 109, Moldova 111, Özbəkistan 113, Qırğızıstan 116-cı yeri tutub. Siyahıda ümumilikdə 177 ölkə yer alıb.