...

Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı layihə Parlamentin müzakirəsinə təqdim olunub

Siyasət Materials 14 May 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının bu gün keçirilən iclasında qəbul olunaraq Parlamentin müzakirəsinə çıxarılması tövsiyə olunub.

Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib.

Layihə komissiya tərəfindən 1 nəfər əleyhinə, 8 nəfər lehinə olmaqla, təsdiq olunub.

İclasda Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova ölkədə keçirilən seçkilər zamanı seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsinə etiraz edib. "Səsvermədə iştirak edən vətandaşların barmaqlarının mürəkkəblə işarələnməsi insan hüquqlarına ziddir. Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər layihəsində seçicilərin barmaqlarının mürəkkəblənməsi maddəsi çıxarılmalıdır" - komissiya sədri əlavə edib.

Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı birgə hazırladıqları layihədə barmaqların mürəkkəblə işarələnməsi məsələsi əks olunub. Əlavə və dəyişikliklər Parlament tərəfindən təsdiqlənərsə, Seçki Məcəlləsində seçicilərin barmaqlarını gözlə görünməyən mürəkkəblə işarələnməsinə dair maddə olacaq.

Aslanovanın sözlərinə görə, dünyanın inkişaf etmiş ölkəsində vətəndaşların barmaqlarının mürəkkəblə boyanması praktikası yoxdur.

Dəyişikliyə əsasən, Məcəlləyə ilk dəfə olaraq seçki prosesinə müdaxilələrin yolverilməzliyi barədə maddə əlavə edilib. Mərkəzi Seçki Komissiyasına səsvermə zamanı "exit-poll"u keçirmək istəyən təşkilatları qeydə almaq səlahiyyəti də verilib.

Bundan əlavə, xüsusi rejimli hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasını MSK müəyyən edəcək. Seçki bülletenləri zərflərə qoyulmayacaq. Məntəqələrdə seçici siyahılarına düşməyən vətəndaşların adını siyahıya daxil etmək səlahiyyəti seçki komissiyalarına verilib.

Dövlət tərəfindən maliyyələşən televiziya, radio və yazılı mətbuatda təbliğat kampaniyası ləğv olunub.

Təbliğat materiallarının divarlara və obyektlərə vurulması qadağan edilib, bunun üçün xüsusi yerlər ayrılması nəzərdə tutulub.

Seçkinin ilkin nəticələri dairə seçki komissiyalarından protokollar daxil olduqdan dərhal sonra elan olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti