...

Azərbaycanın hakim partiyası hesab edir ki, seçkiyə qatılmayan partiyalar fəaliyyətlərini dayandırmalıdır

Siyasət Materials 14 İyul 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkisində iştirak etməmək barədə qərar verən müxalifət partiyalarının fəaliyyətinə ehtiyac görmür.

"Hər hansı siyasi partiya seçkidə iştirakdan imtina edirsə, o partiya artıq özünü buraxmaq haqqında qərar qəbul etməlidir. Seçkidə iştirak etməyən partiyanın mövcudluğunun heç bir məntiqi əsası olmur və belə təşkilatlar siyasi talelərinin üzərinə çox böyük sual işarəsi qoyurlar" -bazar ertəsi Trend -a YAP sədrinin müavini və partiyanın icra katibi Əli Əhmədov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15- də keçirilməsi nəzərdə tutulur. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

Əhmədov bildirib ki, boykotla bağlı qərar qəbul etmək hər bir partiyanın müstəsna hüququdur. "Siyasi partiyaların meydana gəlməsinin bir məntiqi var, o da seçkilərdə, siyasi tədbirlərdə iştirak etməkdir. Seçkilərdə iştirak etməyən siyasi partiyanın mövcudluğunun nəyə istinad etdiyini dərk edə bilmirəm" - deyən Əhmədov bildirib ki, hər hansı partiyanın seçkiyə qatlımaması prosesin legitimliyinə təsir göstərməyəcək. YAP sədrinin müavini onu da qeyd edib ki, hər hansı partiya əvvəlcədən qalib gəlməyəcəyi təqdirdə, seçkidə iştirak etməyəcəyi barədə fikir bildirməməlidir. "Bu onların seçkidə iştirak etmək imkanında olmamasından xəbər verir. Bir neçə partiyanın seçkidə iştirak etməməsi onların zəifliyini göstərən əlamət olacaq. Bununla onlar həm də insanlar tərəfindən dəstəklənmədiklərini etiraf etmiş olurlar. Heç bir sosial dayağı olmayan partiyaların boykotla bağlı bəyanatları seçki kimi ciddi siyasi hadisəyə təsir göstərə bilməz" - deyə o əlavə edib.

YAP 1992 - ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti