Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , V.Javoronkova/ Ukraynanın NATO-ya zorla sürüklənməsinə edilən bütün cəhdlər uğursuzluğa düçardır. Bu barədə cümə günü Kiyevdə çıxış edən Regionlar partiyasının lideri Viktor Yanukoviç deyib.
"Bunu Ukrayna xalqı həll etməlidir. Xalqın iradəsindən asılı olmayan siyasət yürüdən hakimiyyət uğursuzluğa düçardır ", - o bildirib.
Onun sözlərinə görə, hansı qərarın qəbul olunacağından asılı olmayaraq, son qərarı Ukrayna xalqı verməlidir. "Biz prezidentdən belə qərarların xalq ilə müzakirə edilməsini tələb edəcəyik", - o qeyd edib.
Aprelin 2 - 4 - də Buxarestdə NATO-nun 59-cu sammiti keçirilib. Sammitdə Blokun Şurası Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə dair Fəaliyyət Planına (FP) qoşulmasını dekabradək təxirə salıb. Bu dövlətlərin Fəaliyyət Planına qoşulmasına etiraz edən ölkələr sırasında Almaniya və Fransa da olub. Rus-gürcü münaqişəsindən sonra, Almaniyanın federal kansleri Angela Merkel avqustun 26-da bəyan edib ki, Gürcüstan və Ukraynanın Fəaliyyət Planına qoşulmasına təkid edir.
NATO-nun növbəti sammiti cari ilin dekabrında keçiriləcək.