...

Azərbaycanın siyasi partiyaları Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda seçicilərin fəallıq nümayiş etdirdiyini bildiriblər

Siyasət Materials 19 Mart 2009 14:57 (UTC +04:00)
Azərbaycanın siyasi partiyaları Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda seçicilərin fəallıq nümayiş etdirdiyini bildiriblər

Azərbaycan, Bакı, 19 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın siyasi partiyaları Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda seçicilərin kifayət qədər fəallıq nümayış etdirdiyini bildiriblər.

"Mən tamamilə əminəm ki, səsverməyə gələn insanların əksəriyyəti referenduma çıxarılan məsələlərin hamısının lehinə səs veriblər", - cümə axşamı Trend -a iqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Azərbaycan MSK-nın nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın bütün 29 maddəsinə əlavə və dəyişikliklər ölkənin 87-92 faiz seçiciləri tərəfindən dəstəklənib.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ağamalının sözlərinə görə, müxalifətin müxtəlif cəhdlərinə baxmayaraq, xalq bir daha onların boykot çağırışlarını dəstəkləməyib. "Əksinə, seçicilər səsvermə prosesində fəal iştirak etməklə müxalifətin özünü boykot etdi. Beləliklə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan dövlətinin möhkəmlənməsinə, Konstitusiya quruluşunun güclənməsinə, cəmiyyətimizin demokratik prinsiplərlə daha da inkişafına geniş imkanlar yaradacaq", - AVP sədri əlavə edib.

Hakimiyyətyönlü AVP 1991-ci ildə yaradılıb. Partiya parlamentdə iki deputatla təmsil olunub.

"Seçicilərin fəal iştirakını nəzərə alaraq referendumun baş tutduğunu iddia etmək olar", - cümə axşamı Trend -a müxalifyönlü Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycanın hüquq mühitində yeni bir situasiya yaradacaq. "Düşünürəm ki, tam demokratik ölkə qurmaq istəyiriksə, Konstitusiyadan daha çox siyasi mühit dəyişdirilməlidir", - partiya rəhbəri qeyd edib.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Mustafa (Fazil Qəzənfəroğlu) Milli Məclisin deputatıdır. Partiya sədri bu il keçirilən prezident seçkisində namizəd olub və 2,4 faiz səs toplayıb.

"Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçirilən səsvermədə müşahidəçilərimizin qeydə aldığı xırda qanun pozuntuları nəticələrə təsir etmədiyindən, referendumun baş tutmadığını iddia etməyə heç bir əsas yoxdur", - cümə axşamı Trend -a müxalifətyönlü Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Onun fikrincə, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ölkədə demokratik proseslərin ləngiməsinə qətiyyən səbəb olmayacaq.

"Bəzi müxalif qüvvələrin əksinə olaraq biz hesab edirik ki, hər bir seçki prosesi səsvermə ilə nəticələnir. Seçkidə isə hansı siyasi qüvvə güclüdürsə, cəmiyyətdə daha çox dəstəklənirsə, onun namizədi də qalib gəlir", - partiya sədri əlavə edib.

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh İbadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti