...

Liberman İsrail-Amerika əməkdaşlığını pozmayacaq

Siyasət Materials 24 Aprel 2009 12:38 (UTC +04:00)
Liberman İsrail-Amerika əməkdaşlığını pozmayacaq

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir Ü.Sadıqova /

İsrailin xarici işlər naziri Aviqdor Libermanın ABŞ ilə münasibətlərdə problemlərin yaranmasına gətirib çıxara biləcək sərt mövqe tutmasına baxmayaraq, ekspertlər hesab edirlər ki, İsrail hökuməti buna yol verməyəcək və hətta nəticəsiz olsa belə fələstinlilərlə danışıqları davam etdirəcək.

"Netanyahu hökuməti bütün gücü ilə Amerika administrasiyası ilə münaqişənin yaranmasından qaçmağa çalışacaq, çünki bu, İsrailin maraqlarına cavab vermir", - deyə  Trend -a elektron poçt ilə Fələstinin "Əl-Əyyam" ( Al-Ayyam) qəzetinin icmalçsı Məhəmməd Yahi (Muhammad Yaghi) bildirib.

İsrailin Jerusalem Post qəzetinin verdiyi xəbərə görə, çərşənbə günü İsrailin "İsrail bizim evimizdir" hakim partiyasının lideri Liberman bu barışıq planı qəbul olunacağı təqdirdə, onun İsrailin təhlükəsizliyinə zərbə vuracağını bildirərək, ərəb sülh təşəbbüsünü "İsrailin məhv edilməsi resepti" adlandırıb.

Libermanın sözlərinə görə, ərəb təşəbbüsündə ən problemli bənd Fələstin qaçqınlarının tarixi ərazilərinə qayıtma hüququdur.

Libermanın bəyanatı ABŞ Prezidenti Barak Obamanın ərəb liderlərinin birgə səyi ilə hazırlanan ərəb sülh təşəbbüsünü "barışıq üçün yaxşı əsas" adlandırmasının ardınca səsləndirilib.

Ərəb sülh təşəbbüsü Ərəb Dövlətləri Liqasının 2002-ci ildə Beyrutda keçirilən sammitində qəbul olunub. Sənədə əsasən, Fələstin və Suriya əraziləri 1967-ci ildə olan sərhədlərədək azad edilərsə və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılarsa, ərəb dövlətləri İsrail ilə münasibət quracaqlar.

Üç həftə əvvəl Liberman bildirib ki, İsrail Annapolisdəki beynəlxalq konfransada qəbul olunan öhdəliklərə riayət etmək məcburiyyətində deyil.

Libermanın sözləri İsrailin Baş naziri Binyamin Netanyahu və əvvəlki şərtlərlə fələstinlilərlə danışıqları davam etdirmək mövqeyindən çıxış edən Leyboristlər partiyasının lideri, İsrailin müdafiə naziri Ehud Barakın mövqeyi ilə üst-üstə düşmür.

Vaşinqton Sülh İnstitutunun ərəb-israil münaqişəsi üzrə analitiki Teodor Feyfer hesab edir ki, Libermanın bəyanatı Netanyahunu Fələstin dövlətinin yaradılmasını dəstəkləyən ABŞ ilə münasibətlərdə pis vəziyyətdə qoyacaq.

"Prezident Obama, çox güman ki, Baş nazirdən [Netanyahudan] sülh prosesindəki mövqeyinə aydınlıq gətirməsini gözləyəcək. Netanyahu Libermanı dəstəkləyərsə, ABŞ ilə problemləri yaranacaq", - deyə Trend -a elektron poçt ilə ABŞ-ın Yaxın Şərqdəki sabiq xüsusi elçisi Feyfer (Theodore Feifer) bildirib.

Professor Eytan Qilboa hesab edir ki, İsrailn bir məmurunun mövqeyi iki ölkənin munasibətlərinə xələl gətirməz, çünki İsrail hökumətində müxtəlif partiyaların nümayəndələri təmsil olunur.

"İsrail hökuməti - koalision mahiyyətlidir, lakin ABŞ ilə münasibətlər Baş nazir ilə birgə müəyyən olunacaq", - deyə Trend -a telefonla Bar-İlan Universitetinin İsrail-Amerika münasibətləri üzrə analitiki Qilboa bildirib.

Qilboa hər bir İsrail hökumətinin koalision olduğunu nəzərə alaraq hesab edir ki, Liberman və Netanyahu ölkənin müxtəlif partiyalarına rəhbərlik edirlər, onların mövqeyi üst-üstə düşməyə bilər. O, İsrail hökumətinin bu siteminin yenidən nəzərdən keçiriləcəyini istisna etmir.

"Baş nazir üçün hökumətin vahid xəttini müəyyən etmək çətindir", - deyə İsrailin Baş nazir ofisində keçmiş müşavir Qilboa hesab edir: "Düşünürəm ki, bir çox israillilər bu sistemin yenidən nəzərdən keçirilməsinə zərurətin olduğunu dərk edirlər".

Ekspertlər hesab edirlər ki, hətta ABŞ-ın İsrailə təzyiqi belə Fələstin-İsrail danışıqlarını inkişaf etdirməyəcək, çünki İsrail hökuməti hələ vahid mövqe irəli sürməyib.

Fələstin Muxtariyyətinin qanunverici orqanının üzvü Ziyad Əbu Amr bildirib ki, Fələstin dövlətinin yaradılmasına qarşı çıxış edən İsrail hökuməti ilə barışıq əldə etmək mümkünsüzdür. "Hesab edirəm ki, sülh prosesi dalana dirənib. ABŞ danışıqların inkişaf etdirilməsi üçün hələ konkret heç nə təklif edə bilmir", - deyə Trend -a telefonla Fələstinın sabiq xarici işlər naziri Ziyad Əbu Amr bildirib.

Amerikanın Xarici-Siyasi Münasibətlər Mərkəzinin (Council on foreign relations) tədqiqatçısı Stiven Bill (Stephen Biddle) Trend -a bildirib ki, bu gün İsrailin xarici işlər nazirinin nümayiş etdirdiyi mövqe səbəbindən daha da pisləşən Fələstin-İsrail münaqişəsinin nizamlanması üçün şərait yoxdur.

Jerusalem Post qəzetinin xəbərinə görə, ərəb sülh təşəbbüsünü rədd edən Liberman əvvəlki razılaşmaların əvəzində ABŞ ilə birgə yeni planın hazırlanmasını təklif edib.

Liberman hesab edir ki, İsrailin öz maraqlarını qoruması üçün yeni plan zəruridir.

Əbu Amr bildirib ki, yeni sənədin imzalanması çətin olacaq, çünki Fələstin-İsrail barışığının əvvəlki planlarının İsrail və ABŞ tərəfindən həyata keçirilməsi lazımdır.

"Məsələ ondadır ki, ABŞ barışıq üçün nə edə bilər. Hələ ki, ABŞ-ın rolu konkret hərəkət olmadan yalnız bəyanatlarla məhdudlaşır", - deyə o bildirib.

Siyasi analitik Yahi hesab edir ki, Netanyahu fələstinlilərlə danışıqların aparıldığı barədə təəssürat yaratmaq üçün Məhmud Abbas ilə görüşdən istifadə edəcək, lakin həqiqətdə o, təhlükəsizlik və iqtisadiyyatın əlaqələndirilməsi məsələsində maraqlıdır. 

Fevralda seçkiqabağı kampaniya zamanı Netanyahu müstəqil dövlət yaradılanadək ilk növbədə fələstinlilərlə iqtisadi barışığın əldə olunmasınının vacibliyini vurğulamışdı.

O, Netanyahunun fələstinlilər ilə danışıqlardan Qəzzə Zolağında yeni müharibəyə başlamaq üçün istifadə edəcəyini də istisna etmir.

İsrailin Qəzzədə son hərbi əməliyyatları 2008-ci ilin dekabr ayının sonlarında başlayıb və 22 gün davam edib. Əvvəlki Ehud Olmert hökuməti bu hərbi əməliyyatları Fələstinin HƏMAS qruplaşmasının üzvlərinə qarşı mübarizə adlandırmışdı. Əməliyyatlar nəticəsində 1300-dən artıq fələstinli həlak olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti