...

Kərrubinin prezident seçkiləri üçün hazırladığı platforma reallığa daha uyğundur – İranın sabiq vitse-prezidenti

Siyasət Materials 26 May 2009 08:50 (UTC +04:00)
Kərrubinin prezident seçkiləri üçün hazırladığı platforma reallığa daha uyğundur – İranın sabiq vitse-prezidenti

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir D.Xatınoğlu /

Trend -un Fars redaksiyasının İranın sabiq Prezidenti Məhəmməd Xatəminin müavini Məhəmməd Əli Əbtəhi ilə eksklüziv müsahibəsi

- İranda keçiriləcək prezident seçkiləri öncəsi sabiq Prezident və İslahatçılar düşərgəsinin nümayəndəsi Məhəmməd Xatəminin İran azərbaycanlılarını təhqir etməsi ilə bağlı video yayımlanıb. Siz bunu necə dəyərləndirirsiniz?

-Xatəmi heç bir zaman etnik qrupları təhqir etməyib. Yayılan videoyazılar seçkiqabağı təxribatdır. Bu hakimiyyətdə olan qüvvələrin seçkiqabağı islahatçılara qarşı hazırladığı provakasiyadır.

Onu da əlavə edim ki, Xatəmiyə qarşı təxribat yeni deyil. Xatəmi növbəti prezidentliyə namizədliyini geri götürməzdən əvvəl ona qarşı bir sıra təxribatlar hazırlanmışdı. Məsələn, hakim koalisiya (konservativlər) bəzi dini alimlərin Xatəmiyə qarşı bəyanatını lentə almışdılar. Xatəminin azərbaycanlıları təhqir etməsi ilə bağlı yayılmış videoyazı isə gizli şəkildə çəkilib və bu, videomontajdır.

Xatəmi hazırda prezidentliyə namizəd Mir Hüseyn Musəvini dəstəkləyir. Musəvi azəridir, Xamnə şəhərində dünyaya gəlib. Konservativlər çalışırlar ki, Xatəmiyə qarşı təxribat törədərək azərbaycanlıların dəstəyini öz doğma namizədləri olan Müsəvidən kəssinlər. Həm Xatəminin, həm də Musəvinin İranda yaşayan azərbaycanlılara böyük hörmətləri var və azərbaycanlılar hələ də Musəvini doğma namizəd kimi dəstəkləyirlər.

- Sizcə, prezident seçkilərinə namizədlərin hansının platforması reallığa daha uyğun və xalq üçün maraqlıdır?

- Fikrimcə, Mehdi Kərrubinin şüarları və platforması daha maraqlı, həm də reallığa uyğundur. Mən şəxsən onu dəstəkləyirəm. Birincisi, ona görə ki, insan haqları ilə bağlı onun platformasında xüsusi yer ayrılıb. Bundan əvvəl də Kərrubi dəfələrlə siyasi məhbusların azadlığa buraxılması üçün vasitəçilik edib. Həm də Kərrubi indiyədək şüarlarına əməl edir, yəni proqmatik bir adamdır. Onu da əlavə edim ki, digər islahatçı namizəd Mir Hüseyn Musəvinin də xalqdan böyük dəstəyi var. Kərrubinin verdiyi vədlərə əməl etməsi üçün lazımi miqdarda gücü və iradəsi var.

- Sizcə, İslahatçılar düşərgəsindən iki namizədin iştirakı islahatçıların səslərinin bölünməsi ilə nəticələnməyəcək ki?

- Belə düşünmürəm. Hər iki namizədin öz tərəfdarları var. Çox ehtimal ki, seçkilər iki mərhələdə keçirilsin, yəni birinci mərhələdə iki islahatçı namizədin iştirakı konservativlərin nümayəndəsi, hazırkı Prezident Mahmud Əhmədinejadın səslərinin sayını azaltsın. Belə olsa, seçkilərin ikinci mərhələsi keçiriləcək və bu mərhələdə islahatçıların qələbə şansı çoxdur. 

- İran konstitusiyasına əsasən, hərbçilərin seçkilərə müdaxiləsinə qadağa qoyulub. Buna baxmayaraq, İran İnqilabçılar Korpusunun və onun nəzarətində olan Bəsicin bir qisminin (konüllü inqilabçılar) seçkilərdə Əhmədinejadı və bir qisminin isə Musəvini dəstəkləməsini necə dəyərləndirirsiniz?

- Hərbçilərin seçki prosesində iştirakı və müdaxiləsi qanunsuzdur. Hərbçilər yalnız vətəndaş hüququna malik olduqları üçün namizədlərə səs verə bilər, hansısa bir namizədin lehinə, yaxud əleyhinə təbliğat apara bilməzlər. İran İnqilabının rəhbəri ayətullah Xomeyni də Sepah, Bəsic və ümumiliklə hərbçilərin seçkilərə müdaxiləsinə qadağa qoymuşdu.

- Sizcə, hansı namizədin qələbə şansı çoxdur?

- Məncə, Əhmədinejad və Musəvinin qələbə şansı azdır, ona görə ki, konkret və fərqli platformaları yoxdur. Fikrimcə, dəyişiklik üzrə konkret şüarlar verən Kərrubinin daha çox qələbə şansı var, çunki hazırda İran xalqı Kərrubinin şüarlarını daha çox mənimsəyir və bəyənir.

Xəbər lenti

Xəbər lenti