...

Xameneinin bəyanatına rəğmən İranda etirazlar davam edəcək - ekspertlər

Siyasət Materials 22 İyun 2009 12:00 (UTC +04:00)
Xameneinin bəyanatına rəğmən İranda etirazlar davam edəcək - ekspertlər

Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir D.Xatınoğlu /

İranda prezident seçkilərinin nəticəsinə etiraz olaraq, xalq aksiyalarını davam etdirəcək, baxmayaraq ki, Xamenei Əhmədinejadın seçkilərdə qələbəsini bir daha təsdiq edib və müxalifəti sakitləşməyə çağırıb.

"Xalq öz etirazlarını davam edəcək, etirazların potensialı o qədər güclüdür ki, xalq bu fürsəti itirmək istəmir", - deyə İran eksperti İsa Səhərxiz (İsa Saharkhiz) Trend  News-a bildirib.

İranın dini lideri Ayətullah Xamenei cümə namazında çıxışı zamanı müxalifəti aksiyaları dayandırmağa çağırıb. Mehr agentliyinin iyunun 19-da yaydığı məlumata əsasən, dini lider seçkilərin ləğv olunmasını rədd edərək, bildirib ki, Əhmədinejad 24 milyon səslə prezident seçilib və 11 milyon səsin saxtalaşdırılması, yaxud geniş saxtakarlığın baş verməsi inanılmazdır. O, öz fikirlərinin Əhmədinejadın fikirlərinə daha yaxın olduğunu da vurğulayıb.

Londonda fəaliyyət göstərən iranlı ekspert Rza Təqizadə (Reza Taghizadeh) Trend -a telefonla bildirib ki, Xameneinin bəyanatına baxmayaraq, mitinqlər dayandırılmayacaq. "İranın Ali lideri Ayətulah Xamenei cümə günü etdiyi çıxışda çalışırdı ki, mitinq iştirakçılarını hədələsin. Xameni "Xiyabanlarda qan tökülərsə məsuliyyət namizədlərin öz öhdəsinədir" deməklə, istəyirdi mitinq iştirakçılarını prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubidən ayırsın", - deyə Təqizadə şənbə günü bildirib.

Xameneinin bəyanatına rekasiya olaraq, Musəvi şənbə günü aksiyaçılar arasında çıxış edərək, Xameneinin bəyanatını tənqid edib və bildirib ki, hakimiyyət və polis xalqın dinc aksiyalarda təhlükəsizliyini qorumalıdır. O, Xamaneinin adını çəkməsə belə, dolayısıyla dini liderə cavab olaraq bildirib ki, seçkilər ləğv olub, yenidən keirilməlidir. Musəvi qərarında israrlı olduğu və "ölüm"ə hazır olduğunu bildirib.

Səhərxiz hesab edir ki, dini liderin bəyanatını ilk öncədən müxalifət proqnozlaşdırmışdı, buna görə də müxalifət liderləri öz qərarlarında dəyişiklik etməyəcəklərinə əvvəlcədən qərar vermişdilər.

Təqizadə isə hesab edir ki, Xameneinin çıxışı zamanı bütün yüksəz vəzifəli şəxsləri iştirak etdiyi halda, Kərrubi və Musəvinin iştirak etməməsi, göstərir ki, onlar Xameneinin nə deyəcəyini əvvəldən biliblər. Onun fikrincə, Xameneinin "müxalifəti hədələməsi" təsirli olsa da, aksiyalar dayandırılmayacaq.

Lakin ABŞ-da fəaliyyət göstərən iranlı politoloq Mənsur Fərhəng (Mansour Farhangh) hesab edir ki, Xameneinin bəyanatından sonra, təhlükəsizlik qüvvələri və polis daha sərt aksiyaçılara fiziki zor tətbiq edib, xalqı susmağa məcbur edəcək. "Xamenei seçkilərdə baş verən saxtakarlıqdan xəbərdardır, onun yenə də Əhmədinejadı kəsin dəstəkləməsi göstərir ki, qərarında israrlıdır və geri çəkilməyəcək", - deyə Fərhəng şənbə günü telefonla ABŞ-ın Florida əyalətindən telefonla bildirib.

İran-ABŞ Şurasının rəhbəri Huşəng Əmir Əhmədi də belə düşünür ki, müxalifət hazırkı vəziyyətdə bir addım geri çəkilməlidir. "Aksiyaların davamı təhlükəsizlik və polis qüvvələrinin rekasiyasının sərtləşməsilə nəticələnəcək və onlar dini liderin istəyini zor ilə xalqa qəbul etdirəcəklər", - deyə Əmir Əhmədi cümə günü telefonla Vaşinqtondan Trend -a bildirib.

Hər dörd eksperin fikrincə, İran rejiminin nüfuzlu şəxsləri arasında parçalanma baş veirir və Xamenei çalışır ki, onunla fikir ayrılığında olan şəxsləri tamamilə siyasətdən uzaqlaşdırsın.

Fərhəng hesab edir ki, ixtilaflara səbəb həm gücə sahib olmaq istəyi və həm də idieloji faktorlardır.

Onun fikrincə, Xamenei verdiyi bəyanatla bir daha öz gücünü nümayiş etdirməyə çalışdı.

Beynəlxaq əlaqələr və hüquq üzrə professor Fərhəng belə düşünr ki, İran rejimi Sepah (İnqilab Keşikçiləri Korpusu) çərçivəsində vahid bir rejimə çevrilir. Sepah ölkənin parlamentində, Nazirlər Kabinetində və dövlət strukturlarında böyük əksəriyyətə malikdir.

Qeyri-rəsmi məlumata əsasən, ölkənin 40% iqtisadiyyatı Sepahın əlindədir. Sepah son dör ildə milyonlarla dollar həcmində neft, tikinti və digər sahələrə sərmayə yatırıb.

İranda prezident seçkiləri iyunun 12-də keçirilib. Nəticələrə əsasən, Əhmədienjad 24.5 milyon səs qazanmaqla yenidən prezident seçilib. Müxalifətdə olan Musəvi və Kərrubi seçkilərdə geniş saxtakarlığa yol verildiyini iddia edərək, seçkilərin yenidən keçirilməsini tələb ediblər.

Xəbər lenti

Xəbər lenti