...

Əhmədinejad İranın Atom Enerji Təşkilatının yeni sədrinin adını açıqlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 İyul 2009 11:09 (UTC +04:00)
Əhmədinejad İranın Atom Enerji Təşkilatının yeni sədrinin adını açıqlayıb (ƏLAVƏ OLUNUB)

İran Prezidenti Mahmud Əhmədinejad iyulun 16-da İranın Məşhəd şəhərində keçirilən hökumət müşavirəsində, hökumətin yeni strukturundakı dəyişiklikləri elan edib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

İranın Atom Enerji Təşkilatının sədri və Prezidentin müavini vəzifəsini bundan sonra İranın MAQATE-dəki keçmiş nümayəndəsi Əli Əkbər Salehi daşıyacaq. Salehi 1997-ci ildən 12 il müddətində İranın Atom Enerji Təşkilatının sədri və İran Prezidentinin müavini vəzifəsində işləmiş Qulamrza Ağazadəni əvəz edəcək. Ağazadə ötən gün tutduğu vəzifədən istefa edib.

Yeni dəyişikliyə əsasən, İran Prezidentinin müavini, Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin rəisi İsfəndiyar Rəhim Məşayi bundan sonra Prezidentin birinci müavini vəzifəsində çalışacaq. Məşayini keçmiş vəzifəsində onun müavini Həmid Bəqayi əvəz edəcək. Bəqayi hazırda İranın Turizm və Mədəni Adibələrin Mühafizəsi İdarəsində müavin vəzifəsində çalışır.

İndiyədək Əhmədinejadın birinci müavini olan Pərviz Davudi bundan sonra prezidentin müşaviri vəzifəsində çalışacaq. Prezidentin müşaviri vəzifəsində işləmiş Müctəba Haşimi Səmərə isə Prezidentin baş köməkçisi təyin olunub və bu vəzifə yeni təsis edilib.

İran Prezidenti Əhəmədinejadın inaqurasiya mərasimi avqustun 8-dək keçiriləcək. Əhmədinejad İran parlamentində and içdikdən sonra yeni hökumət öz işinə başlayacaq. Əhmədinejad sentyabr ayının sonunadək yeni kabinetin tam tərkibini parlamentdə səlahiyyətlərin təsdiqlənməsi üçün təqdim etməlidir.

Əli Əkbər Salehi - iranlı alim və siyasətçi. Salehinin Beyrutda Amerika Universitetinin bakalavr və 1977-ci ildə Massaçusets universitetində aldığı texniki elmlər doktoru dərəcəsi var. O həm də Şarif texnoloji universitetinin dosenti və onun rəhbəri olub. İran Elmlər Akademiyasının və İtaliyanın Triyest şəhərindəki İCTP-nin (Beynəlxalq Nəzəri Fizika Mərkəzi) üzvüdür.

10 ildən çox müddət ərzində doktor Saıehi İran İslam Respublikasının MAQATE-dəki daimi nümayəndəsi vəzifəsini tutub. O, İran nüvə proqramı məsələsinin MAQATE-nin rəhbər şurasının gündəliyində daimi yer aldığı 2003-cü ildəki bütün çətinliklərin öhdəsindən gəlib.

Salehi 18 dekabr 2003-cü ildə İran tərəfindən təhlükəsizlik təminatı haqda Razılaşmaya əlavə protokol imzalayıb.

20 yanvar 2004-cü ildə İranın xarici işlər nazirinin elmi müşaviri postuna onun namizədliyi irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti