ABŞ, Vaşinqton, 7 оktyabr / Trend , N.Boqdanova/
ABŞ-ın Arizona ştatının senatoru Con Kayl hesab edir ki, Polşa və Çexiyada RƏM sisteminin qurulmasından imtina ABŞ-ın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq müqabilində "həqiqi müttəfiqləri"nin ona olan etibarını sarsıtdı.
O, Trend -a verdiyi xüsusi müsahibəsində deyib ki, Vaşinqtonun bu addımı çox pis siqnaldır.
Keçən ay ABŞ Prezidenti Barak Obama Polşa və Çexiyada RƏM sisteminin yerləşdirilməsindən imtina haqqında qərar qəbul edib. ABŞ-ın Avropada RƏM sisteminin yaradılmasında əsas məqsədi İranın və ya Yaxın Şərqdəki hər hansı bir ölkənin mümkün raket hücumlarından müdafiədir.
İranın texniki baxımdan Qərbi raket hücumuna məruz qoymasının böyük sual altında olduğunu təsdiq edən Kayl, administrasiyanın RƏM sisteminin quraşdırılmasından imtina etməsi səbəblərini şübhə altına qoyub.
ABŞ administrasiyası hesab edir ki, İrandakı texnologiya ilə uzaq radiuslu ballistik raketlərin quraşdırılması mümkün deyil və Avropada RƏM sisteminin yerəşdirilməsi resurslardan səmərəli istifadə deyil. Belə ki, daha çox yaxın məsafəli raketlər narahatlıq doğurur.
Senatorun sözlərinə görə, yaxın məsafəli raketlərlə bağlı narahatlıq üçün əsas var. O hesab edir ki, İran bu raketlərə daha çox malikdir.
Onun dediyinə görə, RƏMS-ə alternativ olaraq Azərbaycandakı RLS-dən istifadə məsələsi isə hələ müzakirə mərhələsindədir.
O hesab edir ki, ABŞ-la Ruiya arasında Azərbaycandakı RLS barədə əməkdaşlıq məsələsi hələ müəyyənləşdirilməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]