...

Bakıda törədilən cinayətlərin 15,3 faizi ağır və xüsusilə ağır cinayətlər olub – BŞBPİ

Siyasət Materials 23 Aprel 2010 15:54 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin I rübünün yekunlarına həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.
Bakıda törədilən cinayətlərin 15,3 faizi ağır və xüsusilə ağır cinayətlər olub – BŞBPİ

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Hüseynbala/

Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin I rübünün yekunlarına həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

"2010-cu ilin ilk üç ayında Bakı şəhərində qeydə alınan 2602 cinayət hadisəsinin 15,3 faizi ağır və xüsusilə ağır cinayətlər olub", - Trend-in məlumatına görə, cümə günü 2010-cu ilin I rübünün yekunlarına həsr olunan müşavirədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənov bildirib.

Həsənovun sözlərinə görə, qeydə alınan cinayətlərin 2206-sı və ya 84,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər olub. "Aparılmış qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili nəticəsində əvvəlki illə müqayisədə qəsdən adam öldürmələr 3 fakt (23,1 faiz), quldurluqlar 4 fakt (12,9 faiz), soyğunçuluqlar 12 fakt (16 faiz), qəsdən sağlamlığa az ağır xəsarət yetirmə 5 fakt (14,3 faiz), dələduzluq cinayətləri 9 fakt (4,6 faiz), adam oğurluğu cinayətləri 3 fakt (4 dəfə), hədə-qorxu ilə tələb etmə cinayətləri 1 fakt (20 faiz), şəxsi əmlak oğurluğu 16 fakt (2,5 faiz) azalıb", - rəis müavini əlavə edib.

Onun fikrincə, ilin ötən üç ayında ölümə sui-qəsdlər sabit qalıb (6 fakt), zorlama cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb. "Ümumi cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz yaxşılaşaraq 79,6 faiz, ağır növ cinayətlərin açılması isə 2,6 faiz yaxşılaşaraq 77,5 faiz təşkil edib. Bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 61,4 faizinin (2009-cu ildə 54,5 faiz) açılması təmin olunub", - o vurğulayıb.

Həsənov deyib ki, hesabat dövründə qeydə alınmış 704 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 687-nin, başqa sözlə, 95,7 faizinin (2009-cu ildə 94,4 faiz) açılması təmin olunub. "Ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınan 10 qəsdən adam öldürmənin hamısı, ölümə sui-qəsdlərin 87,5 faizi, quldurluqların 68,4 faizi (66,7 faiz), soyğunçuluqların 72,3 faizi (64,6 faiz) açılıb. Hesabat dövründə 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 29 nəfərdən ibarət 10 qrup, eləcə də 11 mənzil oğurluğu cinayəti törətmiş 5 nəfərdən ibarət 3 qrup ifşa edilib", - rəis müavini xatırladıb.

Onun sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunan cinayətlərin, o cümlədən satışla əlaqədar faktların sayı müvafiq olaraq 2,6 və 15 faiz azalıb, 2009-cu ilin birinci rübü ilə müqayisədə qanunsuz dövriyyədən güclü təsirə malik 3,9 kq tiryək, 5 kq-dan artıq heroin dövriyyədən çıxarılıb. "Axtarışda olan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilib, 598 cinayətkardan 236-nın, başqa sözlə 39,5 faizinin (2009-cu ildə 39 faiz) tutulması təmin edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 110, qalıq isə 70 fakt azalıb", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti