Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycan regionda ABŞ üçün çox vacib ölkədir. Trend-in Demokratik İslahatlar Partiyasının (DİP) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü ABŞ Milli Təhlükəsizlik Şurasının Cənubi Qafqaz məsələləri üzrə direktoru Bricit Brink DİP sədri Asim Mollazadə ilə görüşü zamanı deyib.
Görüşdə Azərbaycan - ABŞ münasibətləri, Cənubi Qafqaz regionundakı vəziyyət, buradakı lokal münaqişələr, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın Xəzər hövzəsinin enerji təhlükəsizliyində oynadığı rol müzakirə olunub.
DİP sədri ölkələrimiz arasındakı hazırkı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. Bölgədə sülhə və inkişafa mane olan münaqişələrin həllində ABŞ-ın səylərini artırmasının vacibliyinə toxunub.
Mollazadə Ağ evdə Qarabağ və regional təhlükəsizlik məsələlərini də müzakirə edib. "Ermənistan sülhyaratma prosesinə mane olur, bununla da özünü regionun ümumi inkişafından, mühüm enerji layihələrindən təcrid edir", - DİP sədri əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.