...

Azərbaycanın hərbi prokuroru Macarıstana dəvət olunub

Siyasət Materials 10 Fevral 2011 15:15 (UTC +04:00)
Azərbaycanın hərbi prokuroru bu ilin sentyabrında Budapeştdə keçiriləcək Hərbi Cinayət Hüququ üzrə X Beynəlxalq Konfransa dəvət olunub.
Azərbaycanın hərbi prokuroru Macarıstana dəvət olunub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hərbi prokuroru bu ilin sentyabrında Budapeştdə keçiriləcək Hərbi Cinayət Hüququ üzrə X Beynəlxalq Konfransa dəvət olunub.

Respublika Hərbi Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Macarıstan Respublikasının hərbi baş prokuroru Arpad Kovaç Konfransa dəvət məktubunu hərbi prokuror Xanlar Vəliyevə təqdim edib.

Hərbi prokuror Vəliyev bu gün Azərbaycanda səfərdə olan Macarıstanın hərbi baş prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Vəliyev qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlərdən, prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılmasından, vurğulayaraq Azərbaycan Hərbi Prokurorluğunun tarixi, strukturu, fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib.

O, ölkəmizin Macarıstan Respublikası ilə dostluq və əməkdaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini bildirərək, bunun iki ölkənin hüquq mühafizə orqanları arasında əlaqələrin inkişafına yaxşı zəmin yaratdığını qeyd etmiş, bu əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlər olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulayıb.

Hərbi prokuror Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, əsir düsmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırıma məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirib.

Kovaç hər iki ölkənin Hərbi Prokurorluq orqanlarının maraqlarının təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, dost Azərbaycana səfərindən xoş təəssuratlar aldığını vurğulayıb.

Kovaç Macarıstan ilə Azərbaycan, eləcə də müvafiq sturukturlar arasındakı münasibətlərin bundan sonra daim inkişaf edəcəyini bildirərək, ölkələrimizin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Macarıstan tərəfinin təmsilçiləri Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, bilik və təcrübələrini bölüşməyə, öz işləri barədə tanışlıq üçün şərait yaratmağa hazır olduqlarını bildirmiş, bu görüşlərin ölkələrimizin Hərbi Prokurorluq orqanları arasında əməkdaşlıqın inkişafına bir töhfə olacağına əminliklərini ifadə ediblər.

Səfər zamanı numayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıxov tərəfindən qəbul edilib.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Təlim Mərkəzində və digər hərbi hissələrində olub, şəxsi heyətlə görüşüb.

Qonaqlar Qubada ermənilər tərəfindən soyqırıma məruz qalmış azərbaycanlıların kütləvi məzarlıq kompleksini ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti