...

Azərbaycan Prezidenti AZMDF zavodunun və mebel fabrikinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 21 Fevral 2011 20:07 (UTC +04:00)
Azərbaycan Prezidenti AZMDF zavodunun və mebel fabrikinin açılışında iştirak edib
Azərbaycan Prezidenti AZMDF zavodunun və mebel fabrikinin açılışında iştirak edib (FOTO)

Fotoşəkillər və təfərrüatlar əlavə olunub (ilk xəbər 12:30-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.

Zavodun ərazisi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, mebel hazırlanmasında geniş istifadə edilən MDF materialların istehsalında xammal - ağac materialları Rusiyadan vaqonlarla gətirilərək 50 min kvadratmetr sahəsi olan ağac deposuna boşaldılır və növlərinə görə çeşidlənir. Hazırda 3 növ ağacdan istifadə olunur. İstehsalın ilkin mərhələsi xammalın hazırlanmasıdır. Bu məqsədlə əvvəlcə ağac gövdələri qabıqdan təmizlənərək növbəti istehsal prosesinə ötürülür.

Qeyd edilib ki, indiyədək dünyanın müxtəlif ölkələrindən idxal edilən MDF materialları artıq Azərbaycanda ən yüksək keyfiyyətlə istehsal olunacaq.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesini izləyib, zavodun fəaliyyətindən bəhs edən filmə baxıb.

Bildirilib ki, 2006-cı ildə özəl investisiyalar əsasında təsis olunmuş AZMDF şirkətinin inşa etdirdiyi zavodun ərazisində ağac deposu, daşınma və qəbuletmə, əsas istehsal qurğuları, nümayiş zalı və inzibati ofis yerləşir. İstehsal prosesi doğrama, lifləmə, presləmə, cilalama, üzləmə sexləri və anbardan ibarətdir.

Qeyd edilib ki, zavodda Almaniyanın "Siemens" və Yaponiyanın "Mitsubishi" şirkətlərinin idarəetmə proqramları ilə təmin olunmuş müasir texniki avadanlıq quraşdırılıb. Keyfiyyətli məhsulun əldə olunması üçün müəssisədə ən son mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Zavodda kimyəvi-bioloji prosesləri həyata keçirən 3 min kubmetr həcmində xüsusi sutəmizləyici qurğu quraşdırılıb. Müəssisənin elektrik təchizatı üçün 100/10/0,4 kilovatlıq yarımstansiya fəaliyyət göstərir. Zavodun istehsal gücü ildə 85 min kubmetr plitə təşkil edir. Bu isə o deməkdir ki, AZMDF MDB məkanında və qonşu dövlətlər arasında bu profilli ən böyük zavoddur. Tam istehsal gücünə çatdıqda müəssisədə 500 işçi çalışacaq.

Bildirildi ki, texnoloji standartına uyğun gələn xırda hissələr lifin hazırlanması üçün yuyulma aparatına göndərilir. Yuyulma mərhələsində taxta qırıntıları tozdan təmizlənir və lifin hazırlanması üçün tam hazır vəziyyətə gətirilir. Texnologiyaya görə lifləmə prosesi ən önəmli mərhələlərdən biridir. Bu, ağac lifinin hazırlanması prosesidir. Yuyulmuş taxta hissələri rifaynerin şaquli çənlərinə göndərilir və burada buxara verilir. Rifaynerin çıxışında lifə sintetik yapışqan və parafin əlavə olunur. Yapışqanla qarışdırılmış ağac lifləri boruların içində isti hava ilə qurudulur. Ağac lifləri hələ çox yumşaq olduğu üçün ilkin presləmə üsulu ilə sıxılır, xalça formasına salınır və müvafiq ölçüdə kəsilir.

Dövlətimizin başçısına məlumat verilib ki, MDF istehsalı xətti tam kompüterləşdirilib və avtomatlaşdırılıb. Operatorlar yalnız texnoloji parametrləri tənzimləyərək prosesə nəzarət edirlər.

Cilalama sexi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, məhz bu sex MDF materiallarının istehsalında xüsusi rol oynayır. Cilalama mərhələsində MDF plitələri dünya standartlarına cavab verən son yoxlama və sertifikatlaşma işlərinə hazır olur. Sonuncu istehsal mərhələsi isə hazır MDF plitələrinə zahiri yaraşıq verən üzləmə prosesidir. Burada MDF plitələri laminə olunur.

Hazır məhsullara baxan dövlətimizin başçısına məlumat verilib ki, MDF digər materiallardan bir sıra keyfiyyətlərinə görə fərqlənir. Beləliklə, yeni zavodun fəaliyyəti keyfiyyətcə xarici analoqlarından geri qalmayan yerli MDF materialları istehsal etməyə və bununla hazırlanan məhsulların indiyədək mövcud olan qiymətlərinin aşağı düşməsinə müsbət təsir göstərəcək.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında da iştirak edib.

Fabrikin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.

Prezident İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub.

Fabrikin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadiyyatımızın dinamik inkişafı istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət güşələr yaradılıb və videomaterialların göstərildiyi iki böyük ekran quraşdırılıb. Foyenin tavanında Azərbaycanın xüsusi zövqlə hazırlanmış xəritəsi quraşdırılıb.

Bildirilib ki, dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunmuş fabrikin tikintisi 2010-cu ilin yanvarında, avadanlığın quraşdırılması isə bu ilin yanvarında başa çatdırılıb. Fabrikin ümumi dəyəri 7,8 milyon manatdır ki, bunun 55 faizini güzəştli dövlət krediti təşkil edir.

Fabrikdə hamısı yerli olmaqla 102 nəfər işləyir ki, yaxın gələcəkdə onların sayının 150-ə çatdırılması nəzərdə tutulub. İşçilərin fabrikə rahat gedib-gəlmələri üçün xüsusi nəqliyyat vasitəsi də ayrılıb.

Dövlətimizin başçısı müəssisənin əsas istehsal sahəsi olan mebel yığımı sexi ilə tanış olub və hazır mebel dəstlərinə baxıb.

Məlumat verilib ki, müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və digər inzibati binalar üçün istehsal edilən mebellər daxili və xarici bazar üçün nəzərdə tutulub. Müştərilər mebelləri hazır model cərgəsindən və ya fərdi sifariş əsasında seçə bilərlər. "M-Line" mebel fabrikində tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə edilən materialların və hazır məhsulların davamlılığını və uzunömürlülüyünü təmin edir.

Sonra Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basıb və istehsal prosesi ilə tanış olub.

Vurğulanıb ki, fabrikdə təbii ağacdan, MDF-dən, laminə edilmiş MDF-dən, təbii və süni şpondan boyalı və laklı mebellərin istehsalı nəzərdə tutulub. Xammal Braziliya, Almaniya, Avstraliya, Kanada və digər ölkələrdən gətiriləcək. Fabrikdə quraşdırılan Almaniya və İtaliya istehsalı olan avadanlıq mebel istehsalında ən son texnologiyalara əsaslanır. İstehsal sahəsində iki anbar yaradılıb. Böyük anbar ümumi xammal üçün nəzərdə tutulub. Aksesuar anbarı isə avtomatlaşdırılıb. Burada bütün aksessuarlar kompyuter vasitəsilə kodlaşdırılıb. Mebellərin aksessuarları xaricdən gətirilir.

Prezident İlham Əliyevə mebel fabrikinin perspektiv inkişaf planı barədə də məlumat verilib. Vurğulanıb ki, şirkət ISO 9001-2008 Beynəlxalq İdarəetmə və Azərbaycan istehsal standartlarına malikdir. Müəssisədə işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb. Fabrikin 80 nəfərlik yeməkxanası və tibb məntəqəsi var. Burada İtaliyanın "Galletti" firmasının istehsalı olan havalandırma və tam avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri quraşdırılıb, 600 kubmetr həcmində yeraltı su anbarı tikilib. Ərazidə əsaslı abadlıq işləri aparılıb.

Taxta emalı sahəsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, fabrikdə sifarişlərə uyğun olaraq əllə işlənmiş mebellər də hazırlanacaq. Burada, həmçinin keyfiyyət nəzarət masası da yaradılıb. Mebellər bazara həm xarici, həm də yerli adlarla çıxarılacaq. Fabrikdə boyama işləri xüsusi sahədə həm avtomatik, həm də əl ilə aparılacaq. İlk dəfə olaraq, fabrikdə aylıq istehsal gücü 18-20 min kvadratmetr olan poliuretan üzlük materiallarının isteshal xətti quraşdırılıb.

Prezident İlham Əliyev poliuretan sexində istehsal olunmuş məhsullara baxıb.

Dövlətimizin başçısı fabrikdə yaradılmış şəraitdən və istehal prosesindən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti