Yeddinci abzasdan sonra Qazaxıstanın nazir müavininin sözləri əlavə olunub (ilk xəbər saat 12:00-da yayılıb)
Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun bu dəfəki görüşü zamanı əvvəllər razılaşdırılmamış bir sıra məqamları razılaşdırmağa nail olacağına ümid edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Bakıda keçirilən iclasda çıxış edərkən bildirib.
"Noyabrın 18-də Bakıda keçirilən Xəzəryanı ölkələrin rəhbərlərinin sammitindən sonra işçi qrup bir sıra görüşlər keçirib ki, həmin görüşlər indiki iclasın təşkilinə kömək edib. Bu gün və sabah Konvensiya üzrə mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək, eləcə də Bakı sammiti zamanı qəbul edilən protokol və qərarların da müzakirə olunması planlaşdırılır", - Xələfov bildirib.
Qazaxıstanın işçi qrupdakı nümayəndəsi, xarici işlər nazirinin müavini Kayrat Sarıbayov növbəti iclasın iyulda Astanada keçirilməsi barədə təkliflə çıxış edib.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.
Qazaxıstanın xarici işlər nazirinin müavini Kayrat Sarıbay öz çıxışında onu da bildirib ki, qazax tərəfi Xəzər dənizinin akvatoriyasının sərhədlərə bölünməsi və dəniz sərhədlərinin razılaşdırılması üzrə məsələlərə də baxmağı təklif edir. Sarıbay Xəzəryanı ölkələrin nərə növündən olan balıqların ovuna moratoriumun tətbiq edilməsini nəzərdən keçirdiklərini qeyd edib və Qazaxıstanın bu məsələ ilə bağlı konsepsiya təklif etdiyini deyib. Qazaxıstanın nümayəndə heyətinin rəhbəri Xəzər dənizinin su resurslarından bərabər istifadə, onların qorunması və inkişafı haqqında layihənin razılaşdırılmasının zəruriliyini də vurğulayıb.