Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycanla Fransa arasında hüquq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ali Məhkəmədən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda səfərdə olan Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyer bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Rzayev bildirib ki, Azərbaycan Avropa ailəsinin bir üzvüdür və Avropa Şurasına üzv olan ölkələrlə əməkdaşlığa xüsusi önəm verir.
O qeyd edib ki, Azərbaycanın Ali Məhkəməsində Beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Ali Məhkəmənin sədri Azərbaycan və zəngin hüquq ənənələrinə malik Fransanın məhkəmə-hüquq sistemləri arasında işgüzar əlaqələrin yaranmasından məmnunluğunu ifadə edib, bu səfərin hər iki ölkənin ədliyyə və məhkəmə sistemləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə və inkişafına xidmət edcəyini vurğulayıb.
Metrpyer iki ölkə arasında qarşlıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib.
O, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini deyib.