...

Prezident İlham Əliyev: Siyasi sahədə Azərbaycan ilə Monteneqro arasında heç bir problem yoxdur (FOTO)

Siyasət Materials 16 Sentyabr 2011 19:21 (UTC +04:00)
Sentyabrın 16-da Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev: Siyasi sahədə Azərbaycan ilə Monteneqro arasında heç bir problem yoxdur (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 16-da Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı bir daha monteneqrolu həmkarını ölkəmizdə salamlayıb və deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir. Çünki bu, münasibətlərimizin tarixində ilk rəsmi səfərdir.

"Bizim siyasi əlaqələrimiz inkişaf edir. Siyasi sahədə aramızda heç bir problem yoxdur, əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək vardır", - deyən Prezident İlham Əliyev bildirib ki, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində olmalıdır.

İkitərəfli əlaqələrin inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edən dövlətimizin başçısı energetika və nəqliyyat sahələrinin əməkdaşlıq üçün maraq doğuran olduğunu vurğulayıb.

Regional məsələlərdə Azərbaycan ilə Monteneqro arasında fikir ayrılığının olmadığını vurğulayan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Monteneqro Prezidentinə məlumat verdiyini deyib və ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə bu məsələ öz ədalətli həllini tapacaq.

Görüşdə Avratlantik strukturlara inteqrasiya ilə bağlı fikir mübadiləsinin də aparıldığını deyən dövlətimizin başçısı bu səfərin ikitərəfli əlaqələr üçün vacib olduğunu vurğulayıb.

Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan dövlətinin başçısına xoş sözlərinə görə təşəkkür edib.

"Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir və bu sürətli inkişafın bundan sonra da davam edəcəyinə əminəm", - deyən Monteneqro Prezidenti son illərdə ölkələrimiz arasında sıx əlaqələrin qurulması istiqamətində addımların atıldığını bildirib.

Filip Vuyanoviç qarşılıqlı sərmayələrin qoyulması istiqamətində mühüm tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. "Bizim münasibətlərimiz mövcuddur və bu, məni çox sevindirir", - deyən Monteneqro Prezidenti indi mədəniyyət sahəsində ölkələrimiz arasında güclü əlaqələrin formalaşdığını bildirib. Filip Vuyanoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və Avropa təşkilatlarının mövqeyini dəstəklədiyini vurğulayıb.

"Azərbaycana bu səfərim əlaqələrimizin yeni mərhələyə daxil olması deməkdir", - deyən Monteneqro Prezidenti bu münasibətlərin xalqlarımızın mənafeyi naminə inkişaf edəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti