Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ədliyyə naziri Sadullah Ergin Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, nazir kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Sadullah Ergin bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Sadullah Erginin ədliyyə naziri vəzifəsinə təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə toxunan Prezident İlham Əliyev bunun ölkələrimiz arasında artıq gözəl bir ənənəyə çevrildiyini deyib. Bu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını xatırlayan dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından toplantının böyük önəm daşıdığını qeyd edib.
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını qardaş ölkənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.