Azərbaycan, Bakı, 20 fevral /Trend/
Azərbaycanda "ərəb baharı" mümkün deyil. Trend-in məlumatına görə, bunu ANS televiziya kanalına müsahibəsində ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib.
"Öncə qeyd etmək istəyirəm ki, mən Prezidentin fikirləri ilə razıyam. İki ölkəni bir-biri ilə müqayisə etmək heç də məqsədəuyğun deyil. Ölkələr tarixlərinə, vəziyyətlərinə, şəraitlərinə görə bir-birindən fərqlənirlər. Mən də Azərbaycandakı vəziyyət barəsində mühakimə yürütmək üçün hər hansı bir ölkə ilə müqayisə aparmayacağam. Azərbaycandakı vəziyyətə baxdıqda görə bilərik ki, ötən 5-6 il ərzində ölkə çox böyük iqtisadi inkişaf yolu keçib. Bu da çox böyük imkanlar yaradıb, imkanların artmasına səbəb olub. Vətəndaşların öz hökumətlərinə inamı artırıb. Bununla paralel olaraq, cəmiyyətdə çox böyük müsbət dəyişikliklər baş verib. Bu, öz-özlüyündə sabitliyə gətirib çıxarır. Vətəndaşlar hökumətlərinin onlar üçün maneə, əngəl yaratmasına yox, kömək etməsinə inanırlar. Bundan başqa, keçən il Azərbaycan hökuməti çox vacib bir qanun - antikorrupsiya strategiyasını qəbul edib", - "ərəb baharı"nın bizim regiona gəlişini gözləyirsinizmi" sualına cavab olaraq Sterlinq bildirib.
Onun sözlərinə görə, burada hökumət artıq çox gözəl şəkildə başa düşüb ki, korrupsiya halları xalqla hökuməti bir-birindən ayrı salır, onlar arasında uçurum yaradır, onları bir-birinə yadlaşdırır.
"Bu, uzunmüddətli sabitlik əldə etmək, cəmiyyətin güclənməsi üçün irəliyə doğru atılmış çox mühüm siyasi addımdır. Öz-özlüyündə bu fəaliyyətlər daxili demokratiyanın, iqtisadi islahatların bir hissəsidir. Hesab edirik ki, bu kimi islahatların davam etdirilməsi cəmiyyətdə uzunmüddətli sabitliyin bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir", - amerikalı diplomat əlavə edib.
Sterlinq "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana çox yüksək səviyyədə beynəlxalq diqqət olacağını qeyd edib. O, Avropa mediası, avropalıların Azərbaycan haqqında daha çox məlumat əldə etməyə çalışacaqlarına əmin olduğunu vurğulayıb.
"Hesab edirəm ki, bu, Azərbaycan üçün çox müsbət haldır. Bununla yanaşı, Azərbaycan son dövrlər dünya miqyasında meydana çıxan, müsbət mənada özünü göstərən bir ölkə olub. Buna nümunə olaraq, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın dünyanın diqqət mərkəzində olmasına səbəb olub. Bu da əlbəttə ki, normal haldır", - o deyib.
Azərbaycanın ötən 20 ildə böyük inkişaf yolu keçdiyini bildirən Sterlinq, hazırda ABŞ-Azərbaycan münasibətlərinin çox güclü, yaxşı səviyyədə olduğunu, güclü tərəfdaşlıq münasibətlərinin inkişaf etdirildiyini deyib.