...

Azərbaycan Qəbələ RLS-in icarə haqqını artıra bilər – qəzet

Siyasət Materials 29 Fevral 2012 10:22 (UTC +04:00)
Azərbaycan Rusiyanın icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasından istifadəyə görə icarə haqqını ildə 7 milyon dollardan 300 milyon dollara çatdıra bilər.
Azərbaycan Qəbələ RLS-in icarə haqqını artıra bilər – qəzet

Azərbaycan, Bakı, 29 fevral / Trend, müxbir E.Tariverdiyeva /

Azərbaycan Rusiyanın icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasından istifadəyə görə icarə haqqını ildə 7 milyon dollardan 300 milyon dollara çatdıra bilər. Trend-in məlumatına görə, bu barədə fevralın 29-da "Kommersant" qəzeti Müdafiə və Xarici İşlər nazirliklərindəki mənbələrə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, ikitərəfli danışıqlar prosesində çətinliklər yaranıb. Ona görə ki, Azərbaycan əvvəllər 7 milyon dollar olan icarə haqqının 300 milyon dollaradək qaldırılmasını tələb edir. 2011-ci ilin noyabrından isə Azərbaycan tərəfi icarə haqqının 15 milyon dollar olmasını istəyib.

"Bu məbləğ heç nə ilə əsaslandırılmayıb və son dərəcə yüksəkdir, biz onun azaldılmasına, özü də xeyli dərəcədə aşağı salınmasına nail olacağıq. Razılığa gələcəyimizlə bağlı hələ ümidimiz var", - mənbə nəşrə bildirib.

Azərbaycan tərəfi hələlik bu məlumatla bağlı heç bir şərh verməyib.

Fevralın 16-da RF müdafiə naziri Anatoli Serdyukov Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti ilə Qəbələ RLS-in statusu, stansiyadan istifadənin prinsipləri və şərtlərinə dair 2002-ci il yanvarın 25-də imzalanan sazişin müddətinin uzadılması üzrə danışıqlar aparıb. Bu barədə RF MN-in Mətbuat Xidməti və İnformasiya İdarəsi məlumat verir.

Danışıqlarda bu məsələ ilə bağlı ikitərəfli sənədin hazırlanması və onun uyğun olan vaxtda imzalamasının xeyrinə məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub.

Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşən Qəbələ RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.

RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb.
Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.

"A.L.Mints adına Radiotexnika İnstitutu" ASC-nin baş direktoru Vladimir Savçenko RİA Novosti agentliyinə müsahibəsində deyib ki, Rusiya Qəbələdə "Voronej-VP" ən yeni radiolokasiya stansiyasının (RLS) tikintisini 2019-cu ilədək tamamlamağı planlaşdırır. Bu stansiya bundan əvvəlki nəsil "Daryal" RLS-i əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti