Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev Qətərdə beynəlxalq hüquq forumunda iştirak edib.
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti mayın 4-dən 6-dək Doha şəhərində "Dəyişikliklər dövründə qanunun aliliyinə qlobal etimadlılıq" mövzusuna həsr olunmuş beynəlxalq hüquq forumunda iştirak edib.
Dünyanın 20 ölkəsinin 40-dan artıq məhkəmə sədrinin və hakiminin iştirak etdiyi forumda dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər fonunda insan hüquqlarının müdafiəsi sahəsində görülən və görüləcək işlərlə bağlı geniş məruzələr dinlənilib, diskussiyalar və təhlillər aparılıb.
Forumda məhkəmə hakimiyyətinin dövlət idarəçiliyində rolu, korrupsiya ilə mübarizə, insan hüquqlarına dair beynəlxalq normaların tətbiqi, qloballaşma, maliyyə böhranı və digər mövzular ətrafında müzakirələr olub.
Forumda beynəlxalq hüququn müxtəlif sistemləri arasında qarşılıqlı əlaqələrin böyük imkanlara malik olması qeyd edilib və məhkəmələr arasında dialoqa ehtiyac olduğu vurğulanıb.
Ali Məhkəmənin sədri Rzayev Forum çərçivəsində ayrı-ayrı ölkələrin məhkəmə sədrləri və hakimləri ilə bir sıra görüşlər keçirib, fəal diskussiyalara qatılıb. Bu görüşlər və diskussiyalar zamanı Azərbaycanda məhkəmə hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini, məhkəmələrdə şəffaflığın və qanunun aliliyinin təmin edildiyini, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işləri diqqətə çatdırıb.