...

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti öz işinə başlayıb

Siyasət Materials 16 Oktyabr 2012 11:09 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti öz işinə başlayıb.
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti öz işinə başlayıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir S.Əliyev/

Çərşənbə axşamı Bakıda Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti öz işinə başlayıb.

Trend-in məlumatına görə, samittin işində Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Tacikistan prezidentləri - İlham Əliyev, Mahmud Əhmədinejad, Asif Əli Zərdari, Həmid Kərzayi, İmoməli Rahmon, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Senatının sədri İlqizar Sabirov iştirak edirlər.

Sammitdə nəqliyyat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində regional iqtisadi əlaqələrin inkişafı mövzuları, eləcə də İƏT-ə üzv ölkələrin inteqrasiyasının dərinləşməsi, İƏT ölkələrinin sosial-mədəni və elmi-texniki inkişafı məsələləri müzakirə olunacaq.

Sammit ərəfəsində Bakıda İƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda dövlət başçılarının görüşlərinin gündəliyi müzakirə olunub. Təşkilata üzv ölkələrin XİN rəhbərləri sammitin yekunları üzrə qəbul edilməsi planlaşdırılan Bakı Bəyannaməsini də müzakirə ediblər.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə Orta Asiya və Yaxın Şərq ölkələri tərəfindən yaradılan dövlətlərarası iqtisadi təşkilatdır. Qurum İzmir müqaviləsi Nizamnaməsi əsasında fəaliyyət göstərən İnkişaf üçün Regional Əməkdaşlıq Təşkilatının hüquqi varisidir. İzmir müqaviləsi üç təsisçi ölkə - İran, Pakistan və Türkiyə tərəfindən 1977-ci il martın 12-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti