...

Pakistan Prezidenti Bakıda İƏT sammitində region üçün başlıca təhlükələri açıqlayıb

Siyasət Materials 16 Oktyabr 2012 15:20 (UTC +04:00)
Pakistan Prezidenti Asif Əli Zərdari çərşənbə günü Bakıda İƏT sammitində çıxışı zamanı region üçün üç başlıca təhlükəni açıqlayıb.
Pakistan Prezidenti Bakıda İƏT sammitində region üçün başlıca təhlükələri açıqlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbirlər E.Tarıverdiyeva, S.İsayev/

Pakistan Prezidenti Asif Əli Zərdari çərşənbə günü Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində çıxışı zamanı region üçün üç başlıca təhlükəni açıqlayıb.

"Terrorizm, yoxsulluq, savadsızlıq və xalqların təməl hüquqlarının pozulması regionu təhdid edən üç əsas təhlükədir", - Trend-in məlumatına görə, Zərdari deyib.

Pakistan Prezidenti bəyan edib ki, regional əməkdaşlıq çox vacibdir. Çünki İƏT ölkələri problemi kollektiv həll etməlidirlər.

Terrorizm və insan hüquqlarından danışan Zərdari, "Taliban" yaraqlılarının hüquq müdafiəçisi olan pakistanlı qız Məlal Yusazfaya qarşı öz bloqunda taliblərin hakimiyyəti zamanı uşaqların problemləri barədə yazdığına görə etdikləri sui-qəsdi xatırladıb. Qızın həyatı Pakistanın hərbi hospitalında neyrocərrahlar tərəfindən xilas olunsa da, hələlik o, reanimasiyada qalır.

"Bu uşaq bizdə yaxşı olan nə varsa onun simvoludur. O bizə qızların və qadınların cəsarətini nümayiş etdirir. Ona hücum edənlər təkcə Pakistanın qızını öldürməyə deyil, Pakistanın özünü öldürməyə cəhd edirlər", - Zərdari bəyan edib.

Onun sözlərinə görə, Məlala hücum regiondakı hər bir uşağa, onun gələcəyinə hücumdur.

"Uşaqlar hücumlara məruz qaldıqları vaxt biz əllərimizi yanımıza salıb oturmamalıyıq, biz dərhal fəaliyyət göstərməliyik. Biz bu cinayətdə günahı olanları həbs etməli, onları məsuliyyətə cəlb etməliyik. Biz adamların həyatını məhv edən və terrorizmin maliyyələşdirilməsinə xidmət edən narkotik ticarətini məhv etməliyik", - Zərdari deyib.

Pakistan Prezidentinin sözlərinə görə, region ölkələri real əməkdaşlıq siyasəti yürütməlidirlər.

"Biz enerji, nəqliyyat, ticarət kimi sahələrdə birgə çalışmalıyıq. Biz İƏT-ə üzv olan ölkələrdə investisiyaların artırılması işində özəl sektora kömək etməliyik", - Zərdari qeyd edib.

Prezidentin sözlərinə görə, onun üçün sammitdə iştirak etmək böyük şərəfdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti